Azərbaycan Dövlət Aqrar Universitetində  "Məzun günü" keçirildi-  FOTO

 15:24 26.06.2024     1796

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunun qarşısında ali təhsil müəssisəsinin 2024-cü il məzunları üçün təntənəli "Məzun günü" tədbiri keçirildi.

Redaktor.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov bakalavr və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik etdi. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır onları izləyir və uğurları ilə fəxr edir

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxışlar edərək, xoş arzularını dilə gətirib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Elm təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, rəsmilər, müəllim və məzunlar iştirak ediblər.

Daha sonra təhsilini yüksək ümumi orta göstərici ilə başa vuran fakültə birincilərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Təltiflərdən sonra ADAU-nun fəxri kötüyü universiteti birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk etdi.

Rəsmi hissədən sonra əyləncəli konsert proqramı start götürüb. Müğənni Nərgiz Məcidli və DJ Amil Məhərrəmovun bir-birindən maraqlı ifaları, alov, zər və tüstü nümayişləri konsertə xüsusi rəng qatdı.

Sonda isə tədbir xüsusi atəşfəşanlıq ilə başa çatdı.