İmtahan cavabları AÇIQLANDI
Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Mərkəz tərəfindən 2024-cü il 9 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 10-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 11-15 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.
İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanlarda 2365 namizəd və iddiaçı (2121 nəfər doktoranturaya qəbul, 242 nəfər fəlsəfə doktoru, 2 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 56 nəfər imtahana gəlməyib.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1293 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
55 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.