"Nə vaxta qədər düsturları əzbərləyib lövhədə yazmaq olar" - Ekspert yeni metoddan DANIŞDI
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, 2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq. Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib. Nəzərə alsaq ki, yeni tədris ilinin başlanmasına az qalıb və bir çox müəllim belə tədris metodundan bixəbərdir. Belə olduqda yeni tətbiq təhsil prosesinə necə təsir edəcək?
Bu barədə təhsil eksperti Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, yeni metodlar birmənalı qarşılanmayıb:
"Bəziləri Dövlət İmtahan Mərkəzinin tələblərinə uyğun olaraq dəyişiklik olacağını bildirdilər. Amma bununla qətiyyən razılaşmırıq. Yeni məzmun dəyişikliklərinin Dövlət İmtahan Mərkəzinin qəbul proseduru ilə, qəbul imtahanındakı suallarla heç bir əlaqəsi yoxdur. Əslində, biz hələ bu istiqamətlərə gecikmişik. Kurikulum təhsilinin əsas motivi tədrisin həyati bacarıqlar üzərində qurulması, informasiyadan, yaddaş təhsilindən daha çox analitik tətbiqi təhsilə keçiddir və yeni məzmun xətləri də məhz bununla əlaqəli təşkil olunmalıdır. Ötən il informatika fənni ilə bağlı da belə bir qərar verildi: məzmun xəttinə yeni dəyişiklik edildi, nəzəri müddəaları, fundamental məsələləri praktiki detallar, məsələn, proqramlaşdırma dili ilə iş, kodlaşdırma, STEAM metodları ilə iş kimi detallar əvəz etdi. Kimya, fizika, biologiya və coğrafiyada da belə metodların həyata keçirilməsi çox vacibdir".
Ekspert dedi ki, yeni metodların özünü nə dərəcədə doğruldacağı, effektiv olacağı barədə nikbin deyil:
"Çünki məzmun xəttinin dəyişdirilməsi işin yarısıdır. Digər yarısı toplumun şagird kəsiminin buna hazır olmasıdır. Adı çəkilən fənlərin nəzəri əsaslarının həyati tətbiq mexanizmləri ilə əvəzlənməsi məsələsində kimyadan, fizikadan nə qədər reaksiyaları əzbərləyib lövhədə yazmaq olar? Bu düsturun, reaksiyanın təməl tətbiq meyarı nədir? O, bizə praktik həyatda nə dərəcədə yardımçı olacaq? Biz bunu bilirik, yoxsa yox və yaxud biləndən sonra bunun tətbiq faizi nə qədər olacaq? Rəqəmsal bacarıqlar, o cümlədən müəyyən olimpiadalar göstərir ki, bizim uşaqlar innovativ düşüncəyə, analitik təfəkkürə meylli uşaqlardırlar. Sadəcə təhsilimizdə bu yenidir. Tutalım, informatika fənni üzrə ötən ildən yeni məzmun xəttinə keçildi. Bəs məktəblərdə bununla bağlı hansı yeniliklərə imza atıldı? Şəxsən bu barədə məndə bir cavab yoxdur".
E. Nuri qeyd etdi ki, dünya təhsilində adıçəkilən fənlərin inteqrasiyası və daha sonra da həyati tətbiq cəhətdən öyrənilməsi artıq bir ənənə halını alıb:
"Xüsusən də Britaniya, Sinqapur, Yaponiya, Koreya məktəblərində bu metod özünü doğruldur. Elə bizdə də Sinqapur modelindən istifadə olunacağı deyilir. Axı biz Sinqapur deyilik. Burada nəzərə alınmalıyıq ki, Azərbaycan yanaşması ayrıdır. Mən çox istərdim ki, məzmun xətlərində olan dəyişiklikləri Sinqapur modelinin tam olduğu kimi yox, onun bizə aid olan elementləri götürülsün və biz bunları özününküləşdirərək tətbiq etmək haqqında düşünək, Əks halda heç bir effekt verməyəcək".
Sevinc İBRAHİMZADƏ