"Rüşvət alan müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər" - AÇIQLAMA
Son zamanlar təhsil müəssisələrində killi miqdarda dövlət vəsaitinin mənimsənilməsi, həmçinin rüşvət halları bağlı çoxlu faktlarla rastlaşırıq.
Bəs bu zaman həmin müəllimlərin həbs edilməsi rüşvət halları ilə mübarizədə nəqədər effektiv olacaq?
Mövzu ilə əlaqədar Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, qanun qarşısında hər kəs bərabərdir və kimliyindən asılı olmayaraq qanuna əməl etməyən şəxs cəzalandırılmalıdır:
"Əgər müəllim rüşvət alırsa, ona güzəşt tətbiq edə bilmərik. Ümumiyyətlə, "müəllim" və "rüşvət" sözləri bir-birinə uyğun deyil. Yəni həqiqi müəllim heç zaman nə rüşvət alar, nə də buna cəhd edər. Əgər belə bir hal varsa, təbii ki, qarşısı qətiyyətlə və ciddi formada alınacaq. İnsanları bu kimi əməllərdən çəkindirmək üçün mütləq cəza tədbirləri görülməlidir. Eyni zamanda araşdırılmalıdır ki, müəllim həmin rüşvəti almağa məcbur edilir, yoxsa özü könüllü şəkildə edir. Əgər müəllim məcbur edilirsə, bu məsələdə başqa günahkar olan şəxslər üçün də lazımi tədbirlər görülməliidir. Çünki müəllim bu işə təhrik edilir, ödənişin bir hissəsini kiməsə verirsə, yalnız müəllimi həbs etmək düzgün deyil. Məsələdə əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır ki, bir daha təkrarlanmasın. Vəzifəsindən və peşəsindən asılı olmayaraq cinayət törədən hər kəs qanun qarşısında öz cəzasını çəkməlidir".
Təhsil eksperti Elşən Qafarov da mövzu ilə bağlı danışarkən qeyd etdi ki, təhsil müəssisələrində müəllimlərin etik davranış qaydaları var:
"Bu qaydaları pozan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilə, yaxud şiddətli intizam tənbehləri və töhmət tədbirləri görülə bilər. Təhsil müəssisələrində rüşvət halları ağır cinayət əməlidir və bu kimi məsələlərdə cinayət işinin açılması hüquq-mühafizə orqanlarının işidir. Ancaq təhsil sistemi olaraq həmin müəllimlərin rüşvət alma faktı sübut edilərsə, onlar haqqında cinayət işinin qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, bağlanılmış əmək müqaviləsinə xitam verilə bilər. Ümumilikdə isə təhsil müəssisələrində bu kimi hallarla mübariizə aparmaq üçün sistemli nəzarət olmalıdır. Bunun üçün də ilk növbədə təhsil idarəetmə orqanlarına çıxış əlçatan olmalıdır. Çox təəssüf ki, vətəndaşlar Elm və Təhsil Nazirliyinin 146 - Qaynar Xətt xidmətinə, eləcə də regional təhsil idarələrinin qaynar xətlərinə düşə bilmirlər. Düşünürəm ki, bu cür qaynar xətlər təhsilin keyfiyyətinə görə operativ şəkildə işləməlidir".
Sevinc İBRAHİMZADƏ