"Məktəb direktorlarının təyinatı ilə bağlı yeni təlimatlar hazırlanacaq" - Ekspert AÇIQLADI

 19:10 16.07.2024     707

Son zamanlar məktəb direktorlarının işdən çıxarılması, yaxud dövlət vəsatinin mənimsəməsi, müəllimlərdən rüşvət alma ittihamları ilə məsuliyyətə cəlb edilmələri barədə tez-tez məlumatlara rast gəlirik. Belə çıxır ki, bu direktorların təyinatı barədə qərar verilərkən ciddi nöqsanlara yol verilir. Hərçənd Azərbaycanda məktəb direktorları şəffaf şəkildə imtahanla təyin edilirlər. Bəs belə olan halda yuxarıda sadaladığımız neqativ halların çoxluğuna səbəb nədir?

Təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a mövzu ilə bağlı danışarkən dedi ki, bunlara səbəb dərnəklərin tədris olunmaması, işçilərin işə davamiyyətinin zəif olması, məktəbdə repetitor fəaliyyətinin həyata keçirilməsi, dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlərin aparılması, sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanların aşkarlanması və digərləridir. Bunlar davamlı şəkildə olduqda və daha ciddi nöqsanlar aşkarlandıqda məktəb direktoru işdən azad edilir:

Rizvan Fikrətoğlu

"Elm və Təhsil Nazirliyi və eləcə də nazirliyin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorların işdən çıxarılmasına, onlara töhmət verilməsinə maraqlı deyil, lakin nöqsanlar da bağışlanılmazdır. Məktəb direktoru anlamalıdır ki, o, məktəbdə təlim-tərbiyə işinin əsas təşkilatçısıdır. O, ilk növbədə tədris, məktəbdənkənar və təsərrüfat–maliyyə işini dərindən bilən pedaqoji təhsilli, şəxsi keyfiyyətləri, dünyagörüşü, müasir təlim metodlarını dərindən mənimsəmiş İKT biliklərinə sahib şəxs olmaqla, navatorluğu, təşkilatçılıq qabiliyyəti, müxtəlif yaşlı insanların psixologiyasını bilən ziyalı olmalıdır. Məktəb direktorunun əsas bacarıqlarından biri, müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı, bu qərarların tam, son nəticə əldə edilənə qədər həyata keçirilməsinə nəzarət etmək səriştəsinə sahib olmasıdır".

Ekspert qeyd etdi ki, məktəb direktoru və onların müavinlərinin işəqəbulu ilə bağlı növbəti illərdə yeni təlimatların hazırlanması gözlənilir. Burada bir bənd bu olacaq ki, həmin rəhbər şəxslər sertifikasiya imtahanında 51 və daha çox bal toplamışlara üstünlük veriləcək.

Sevinc İBRAHİMZADƏ