Tələbələrin köçürülməsi zamanı diqqət yetirilməli məqamlar hansıdır? - AÇIQLAMA
2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin iyulun 25-dən köçürülməsi üçün sənəd qəbuluna başlanır. Proses 31 iyul 18:00-dək davam edəcək. Bəs tələbələr köçürülmə zamanı hansı ixtisasları və universitetləri seçə bilərlər? Bunun üçün hansı şərtlər ödənilməlidir?
Bu barədə filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli Redaktor.az-a danışdı:
"Bu ilki köçürülmə prosesində qismən yeniliklər var. Belə ki, əvvəllər transfer.edu.az saytı üzərindən köçürülmə aparılırdısa, bu il artıq tələbələrin qeydiyyatda olduğu portal.edu.az saytı vasitəsilə müraciətlərə baxılacaq. Ən önəmlisi isə təhsil müəssisələri də bu prosesdə iştirak edəcək. Bu mərhələdə müraciət olunan təhsil müəssisənin rəyi, müvafiq ixtisas üzrə akademik fərqlərlə bağlı məlumatı tələbələr üçün çox önəmlidir. Tələbənin köçürülmə üçün müraciət etdiyi ixtisas onun qəbul olunduğu ixtisasla eyni qrupda olmalıdır. Yəni Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi ixtisas qrupları daxilində transfer etmək mümkündür. Tələbə I ixtisas qrupu üzrə universitetə qəbul olub, indi III ixtisas qrupuna transfer ola bilməz. Zatən portalda tələbənin mövcud məlumatları əsasında seçimlər aktiv görünəcək. Bundan başqa, DİM-in təşkil etdiyi qəbul imtahanlarında tələbənin topladığı bal müraciət etdiyi ixtisas üzrə keçid balına uyğun olmalıdır, yəni qəbul balı yeni ixtisas üzrə müraciət etdiyi keçid balından aşağı ola bilməz. Transferə müraciət etmək üçün bütün tələbələr tədris aldığı semestrlər ərzində lazım olan kreditin ən azı yarısını mənimsəməlidir. Sonuncu tədris ili, yəni 4-cü kurs tələbələri transferdə iştirak edə bilməz".
Vüsalə Ağabəyli qeyd etdi ki, tələbələr akademik transkript, təhsil haqqı borcunun olmamasına dair arayış, oğlanlar isə hərbi xidmətdən möhlət arayışı və sair sənədləri portala daxil etməlidirlər:
"Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən tələbələr təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Dövlət hesabına təhsil alanlar isə eyni ixtisas üzrə köçürülərsə, yenə də eyni qaydada dövlət hesabına təhsil ala bilərlər. Xarici təhsil müəssisələrindən isə transfer olmaq istəyən tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək qismən tanınma şəhadətnaməsi əldə etməlidir. Akkreditasiyadan keçməyən xarici təhsil müəssisələrinin tələbələri və o cümlədən, xaricdə qiyabi təhsil alan tələbələr transfer üçün müraciət edə bilməzlər".
Sevinc İBRAHİMZADƏ