Bu göstəricilər ixtisas seçimini çox çətinləşdirir - Abituriyentlərin NƏZƏRİNƏ

 18:43 22.07.2024     2597

"İstər dövlət sifarişli, istər ödənişli əsaslarla plan yerlərinin sayında xeyli artım olduğunu görürük. Məsələn, ötən il 56 minə qədər abituriyent tələbə adını qazandı. Bu il isə onların sayı bir az da artaraq 60 minə qədər qalxacağı gözlənilir ki, bu da həddindən artıq yüksək göstəricidir. Ancaq artıq hamıya bəllidir ki, o qədər yüksək göstərici toplamadan, yəni 250-300 baldan çox nəticə göstərən abituriyent müəyyən mənada tələbə adını qazana bilər. Abituriyentlərin çoxu blok imtahanında 100 ballıq göstəricini aşa bilərsə, onun tələbə adını qazanmasında o qədər də ciddi problem yoxdur".

Bu fikirləri təhsil eksperti Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də blok imtahanının hər iki mərhələsindən 100 ballıq limit aşıla bilmir:

"Bu, acınacaqlı vəziyyətdir. Təsəvvür edin, abituriyent 400 baldan 100 bal toplaya bilmir. Yəni verilən tapşırıqların dörddə birini cavablandıra bilmir. Blokdan 100 bal aşa bilməyən abituriyent, əslində, ixtisas seçiminə buraxılmır. Lakin burada bir istisna odur ki, hər qrupu üzrə müəyyən ixtisaslar var ki, oradakı abituriyentlər yalnız 50  baldan yuxarı nəticə toplasalar, ixtisas seçmək hüququ qazanırlar. Məsələn, birinci qrupda ekologiya mühəndisliyi, daşınmaz əmlak və yer quruluşu kadastrı, meliorasiya mühəndisliyi, balıqçılıq, şərabçılıq, zoomühəndislik ixtisasları var. İkinci qrupda turizm bələdçiliyi və turizm işinin təşkili, marketinq və biznesin idarə edilməsi ixtisasları var. Hətta bu ixtisas həddindən artıq bal tələb edən, prestijli ixtisasdır. Üçüncü qrupda sosial işin təşkili, muzey, arxiv və abidələrin qorunması, regionşünaslıq, dördüncü qrupda isə ekologiya, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su ehtiyatları və akvakultura və s. ixtisaslar var ki, 100 baldan yuxarı toplamamısınızsa bu ixtisaslardan savayı heç bir ixtisas seçə bilməzsiniz".

Ekspert qeyd etdi ki, 400 baldan cəmi 44, 46, 36 bal yığanlar var. Yəni 10 faiz nəticəni toplaya bilməyən şəxs  tələbə olmaq uğrunda mübarizə aparır:

"Hədəfli olmaq, mübarizə aparmaq gözəl şeydir. Amma insan bəzən reallıqla da barışmalıdır. Çünki bu göstəricilər ixtisas seçimini çox çətinləşdirir. Həm də ona görə ki, risk qrupu daha çox buradadır. Bizim ixtisas seçimi ilə məşğul olan şəxslər müştəri məmnuniyyətinə və ya pul itirmək istəmədikləri üçün bu cür uşaqların şanslarını sınayırlar. Hərçənd həmin uşaqlarla xüsusi söhbətlər aparılmalıdır, konsultasiya olunmalıdır. Keçid balı toplanılıbsa, abituriyentin hədəfləri, istəkləri ilə ixtisaslar arasında uyğunluq əsas götürülməlidir. Bir çox hallarda biz özümüzü aldatmaq üçün tələbə adını qazanmaq istəyirik. Biz əmək bazarını, hədəflərimizi, təhsili, özünü inkişafı düşünmürük. Yalnızca qohum-qonşunun "övladınız qəbul oldumu" sualına verəcəyimiz müsbət cavabı düşünürük ki, bu da gələcək naminə cəmiyyətimiz üçün bağışlanılmaz bir səhvdir".

Sevinc İBRAHİMZADƏ