"Pezeşkianın ana dili sahəsində atmaq istədiyi addımlar müsbət qiymətləndirilməlidir" - Deputat
"İran İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianın ana dili sahəsində atmaq istədiyi addımlar müsbət qiymətləndirilməlidir. Bu addımın hüquqi əsası var. Həmin hüquqi əsas İran İslam Respublikasının Konstitusiyasında öz əksini tapıb".
Bu sözləri Redaktor.az-a millət vəkili Musa Qasımlı bildirdi. Onun sözlərinə görə, İranda rejimlər dəyişsə də, bir sıra təməl məsələlər dəyişmir:
"1978-79-cu illər İran inqilabından sonra SSRİ-nin Tehrandakı səfirliyinin birinci katibi Baranovun mərkəzə yazdığı bir məktub var. O qeyd edir ki, şahın vaxtında İranda əhali birinci yerdə iranlı, ikinci yerdə dini mənsubiyyət, üçüncü yerdə isə etnik mənsubiyyət ilə ayrılırdı. Birinci katib yazırdı ki, İran İslam Respublikası qurulandan sonra yeni rejim yalnız birinci ilə ikincinin yerini dəyişdi. Yəni birinci yerdə müsəlman, ikinci yerdə iranlı, üçüncü yerdə etnik mənsubiyyəti qoydu. Bütün bunların hamısında başlıca məqsəd İranın bütövlüyünü qorumaqdır".
M.Qasımlı vurğuladı ki, İranın insanları milli dildə təhsil almasına qadağa qoyması, orada yaşayan azərbaycanlıların hüququnu tapdalaması deməkdir.
"Bu səbəbdən Pezeşkian bu mövzunu həll etməlidir. Hər bir xalqın başlıca hüquqlarından biri ana dilində təhsil almasıdır. İranda yaşayan azərbaycanlılar sayca üstün olsalar da, onların ana dilində təhsil almaq hüququ yoxdur. Bu məsələ birbaşa insan hüquqları ilə bağlıdır. Hesab edirəm ki, niyyət yaxşıdır. Amma bu prosesin necə getməsi daxildəki münasibətlərdən asılı olacaq", - deyə deputat qeyd etdi.
Xatırladaq ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb.
Yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılılması nəzərdə tutulub.
Türkan İSGƏNDƏRLİ