Tələbə köçürülməsi üçün şərtlər AÇIQLANDI

 16:28 24.07.2024     1466

Ali təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallara cavab verilərkən bildirilib.

Qeyd edilib ki, ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi aşağıdakı şərtlərlə aparıla bilər:

- Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin qəbul imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.

- Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.

Tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisnadır.

Bundan başqa, ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.