Məleykə Abbaszadənin səlahiyyətləri məhdudlaşdırılıb - AÇIQLAMA

 14:18 25.07.2024     16022

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sturukturu yenidən qurulub. Mərkəzin Direktorlar Şurası ləğv edilib, əvəzində Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti, İdarə Heyəti isə Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə Müşahidə Şurasının üzvləri təyin olunub. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

Təhsil eksperti Kamran Əsədov sözügedən qurumdakı dəyişiklikləri Redaktor.az-a şərh edərkən öncə 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerində Dövlət İmtahan Mərkəzi yaradılmasına diqqt çəkdi. Onun sözlərinə görə, bunun əsas mahiyyəti ondan ibarət idi ki, həmin qurum təkcə ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirirdi:

"Həmçinin digər müxtəlif imtahanlar keçirdiyinə görə birmənalı şəkildə burada ad dəyişkənliyi qaçnılmaz idi. Həmçinin, publik hüquqi şəxs olandan sonra DİM-in idarəetməsində dəyişiklik vacib idi və artıq DİM bu dəyişikliyə qədər yeni idarəetmə forması olaraq hüquqi şəxs kimi direktorlardan ibarət idi. Yəni Direktorlar Şurası var idi və Məleykə Abbaszadə Direktorlar Şurasının sədri idi. Amma biz adı təhlil edəndə görürük ki, orada Direktorlar Şurasının üzvləri hər hansı bir vəzifə tutmurdu. Ona görə bu ad əslində, reallığı əks etdirmirdi deyə mütləq şəkildə idarəetmədə yeniliyə ehtiyac vardı".

Ekspert hesab edir ki, DİM-də edilən dəyişikliklər idarəetməyə də öz təsirini göstərəcək.

"Belə ki, orta idarəetmə iki hissədən ibarətdir: Birinci hissə üç nəfərdən ibarət İdarə Heyəti, ikinci də Müşahidə Şurasıdır. Əslində, görünən odur ki, Müşahidə Şurası mövcud qanunvericiliyin tələbinə əsasən DİM-in fəaliyyətinə ciddi nəzarət etmə və təsiretmə imkanına malikdir. Birmənalı şəkildə deyə bilərik ki, məsələn, artıq Dövlət İmtahan Mərkəzinin rəhbərliyi, İdarə Heyəti birbaşa qərarlar qəbul edə bilməyəcək. Sadə dildə desək, bu, əslində, Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzində səlahiyyətlərinin müəyyən qədər məhdudlaşdırılması kimi də başa düşülə biləcək. Çünki əksər imkanlar və imtiyazlar Müşahidə Şurasına, yəni Fərəh Əliyevaya veriləcək. Bu addım gözlənilən idi, çünki Dövlət İmtahan Mərkəzi kifayət qədər imtahanlar keçirir və dövlətin ən strateji sahəsidir", - deyə K.Əsədov qeyd etdi.

Sevinc İBRAHİMZADƏ