2024-2025-ci tədris ili üçün ali təhsil müəsisələrinə müsabiqə ŞƏRTLƏRİ

 14:35 25.07.2024     12616

Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci tədris ilinə aid qəbul imtahanları keçirildi. Avqust ayının ortalarından başlayaraq abituriyentlər qrupları üzrə topladıqları bala uyğun olaraq ixtisas seçiminə buraxılacaqlar. Əslində qəbul prosesinin ən kluminasiya nöqtəsi ixtisas seçimi mərhələsi hesab olunur. Buna görə də, abituriyentlər ixtisas seçimi edərkən DiM tərəfindən tətbiq edilən müsabiqə şərtlərinə xüsusi diqqət yetirməlidir.

Dövlət İmtahan Mərkəzi universitetlərə qəbul prosesində qruplar, universitetlər və ixtisaslar üzrə xüsusi müsabiqə şərtləri təyin edib. Bir çox abituriyent və valideyn, hətta ictimaiyyətin böyük qismi bu müsabiqə şərtlərindən xəbərsizdir.

DiM tərəfindən tətbiq edilən müsabiqə şərtlərinə ixtisas seçimində abituriyentlər xüsusi diqqət yetirməlidir.

Keçid balları, Universitetlər, ixtisaslar və fənlər üzrə tətbiq edilən müsabiqə şərtləri aşağıdakı formada tətbiq edilmişdir:

Ümumiyyətlə, abituriyent 1-4-cü ixtisas qrupları üzrə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan bütün yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin hər bir ixtisas qrupuna uyğun məhdud sayda ixtisaslar var ki, bu ixtisaslara müraciət edən abituriyentlər 200 baldan aşağı, 150 baldan yuxarı bal toplayaraq müraciət edə bilər. Bu halda abituriyentin imtahanın ikinci mərhələsi üzrə 50-99 bal arası toplaması mütləqdir.

Ümumi olaraq 150 baldan az toplayan, həmçinin imtahanın ikinci mərhələsi üzrə (blok imtahanı) 50 baldan az toplayan 1-4-cü qrup abituriyentlər müsabiqə şərtlərini ödəmiş hesab olunmayaraq ixtisas seçiminə buraxılmır.

5-ci ixtisas qrupu abituriyentləri müsabiqədə iştirak etmək üçün buraxılış imtahanından 60 baldan yuxarı nəticə göstərməklə yanaşı qabiliyyət imtahanından məğbul nəticə almalı, yaxud da 10 bal üzərindən tələb olunan 6 balı keçməlidir. Xeoqrafiya ixtisası üzrə buraxılış balı 30 bal olaraq təyin edilmişdir.

İndi isə gələk bəzi ixtisaslar üzrə müsabiqə şərtlərinə:

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

-“Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;  

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi

balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər”

ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış

imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- (Aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı, zoomuhəndislik-1-ci qrup), (bağçılıq, baytarlıq, bitki mühafizəsi, su bioehtiyatlari və akvakultura-4-cu qrup) ixtisaslarında həm dövlət sifarişli, həm də ödənişli əsaslarla ümumi balı 150 dən, blok imtahanı üzrə 50 dən az olmayan abituriyentlər buraxılır.

- Aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla ümumi balı 150 dən blok imtahanı üzrə 50 dən az olmayan, dövlət sifarişli ixtisaslarda isə ümumi balı 200 dən blok imtahanı üzrə 100 dən az olmayan abituriyentlər buraxılır (marketinq, biznesin idarə edilməsi, turizm işinin təşkili, turizm bələdçiliyi-2-ci qrup) , (muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, regionşünaslıq -3-cu qrup) ,

(Ekologiya -4-cu qrup)

- Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslarına 3-cu qrup DT altqrupu üzrə ümumi balı 150 dən, blok imtahanı üzrə 50 dən az olmayan abituriyentlər iştirak edə bilər.

- Azərbaycan Dəniz Akademiyasının tədris ingilis dilində olan "deniz naviqasiya mühəndisliyi" və "gəmi energetik qurğuları istismarı mühəndisliyi" ixtisaslarına İngilis dili fənni üzrə 50 bal məhdudiyyəti tətbiq olunur.

- AMİU tədris ingilis dilində olan ixtisaslarda 60 bal, İstanbul Teknik Universiteti ilə ikili diplom proqramı olan inşaat mühendisliyi ixtisas üzrə ingilis dili 70 baldan az olmayan abituriyentlər buraxılır.

- DGKA-nin "informasiya texnologiyaları" və " beynəlxalq ticarət və logistika" ixtisası üzrə ancaq ingilis dili fənni olmaqla 50 baldan az olan abituriyentlər seçə bilməzlər.

- ADA Universitetinə DiM imtahanı üzrə 400 baldan yuxarı, SAT imtahanı üzrə 1200 dən yuxarı abituriyentlər müraciət edə bilər.

- Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) və Lənkəran Dövlət Universitetinin aqromuhəndislik ixtisasına həm dövlət sifarişli, həm də ödənişli olaraq ümumi balı 150 dən, blok imtahanı üzrə 50 dən az olmayan abituriyentlər buraxılır.

- 1-ci ixtisas qrupu üzrə qabiliyyət imtahanı tələb edən  memarlıq ixtisası üzrə ümumi 200 baldan yuxarı toplayan abituriyentlər buraxılır.

- Jurnalistika ixtisası üzrə ümumi balı 200, blok balı 100 nəzərdə tutulur. Eləcə də xüsusi qabiliyyət mərhələsi üzrə müsbət nəticə göstərən abituriyentlər müsabiqəyə buraxılır.

- Xarici dil imtahanını ingilis dilindən fərqli dildə verən abituriyentlər ingilis dili tərcümə və filologiya ixtisasını seçə bilməzlər. Xarici dil imtahanını ingilis dilində verən abituriyentlər tərcümə və filologiya ixtisaslarının bütün dillər üzrə seçim edə bilərlər.

- Abituriyentlər bilməlidir ki, buraxılış imtahanlarının nəticəsinə əsasən hər hansı bir bal məhdudiyyəti tətbiq olunmur. Fənlər üzrə bal məhdudiyyəti yalnız ingilis dili fənni üzrə bəzi  ixtisaslarda tətbiq olunur. İmtahanın ikinci mərhələsi (blok imtahanı) nəticəsinə əsasən də fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

- Rus bölməsi abituriyentləri üçün dövlət dili Azərbaycan dili fənni üzrə ümumi nəticənin 50 faiz və yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçiminə buraxılır. 50 faizdən aşağı nəticə göstərən abituriyentlər musabiqə şərtlərini ödəməmiş hesab olunaraq ixtisas seçimi mərhələsinə buraxılmır.

- Xüsusi təyinatlı akademiyalara müraciət edərək bütün mərhələlər üzrə məğbul hesab olunan və qəbul olan abituriyentlər digər ali təhsil müəsisələrinin ixtisas seçimi mərhələsinə buraxılmır.

Ramin Nurəliyev,

ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis,

təhsil üzrə ekspert