Bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI

 15:09 26.07.2024     722

Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq. 

Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.

Redaktor.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsil haqlarında dəyişiklik yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsil haqlarında artım olacağı bildirilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.

Azərbaycan Dillər Universitetindən isə bildirildi ki, bir sıra ixtisasların illik təhsil haqlarında artım olacaq. "Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsil haqqı ötən il ilə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsil haqqı 2000-2500 manat arasında dəyişir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsil haqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.

Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, illik təhsil haqlarında dəyişiklik nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsil haqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsil haqqları 2300 manata qaldırılıb.