"Azərbaycanın təhsil sistemi hələ də istənilən səviyyədə deyil" - Ekspert

 16:35 26.07.2024     838

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub. Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 

Təhsil eksperti Adil Vəliyev Redaktor.az-a danışarkən bildirdi ki, gənclərimizin təhsil alacaqları bu xarici universitetlər hər il dünya reytinq sıralamalarında müxtəlif istiqamətlər üzrə ilk pillələrdə olur:

"Sözsüz ki, Azərbaycandan seçilən gənclər istər bakalavr, istərsə də magistr dərəcələrində həmin universitetlərdə öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər, geri qayıtdıqda isə buradakı gənclərlə öyrəndiklərini bölüşəcəklər. Çünki şərtlərdə də bu qeyd olunub ki, təhsili bitdikdən sonra həmin tələbələr öz ölkələrinə qayıtmalı və 5 il müddətində burada təyinatı üzrə işləməli və təcrübələrini tətbiq etməlidirlər. Dünyanın TOP universitetlərinin nailiyyətlərinə və fəaliyyətlərinə baxanda görürük ki, illərin təcrübəsinə, müxtəlif ölkələrin müəllim heyətinə və dünya ölkələrindən gələn tələbələrə sahibdirlər. Burada öyrənilən bütün məlumatların bizim təhsil sistemimizdə tətbiq edilməsi çox faydalıdır".

Ekspertin sözlərinə görə, Azərbaycanın təhsil sistemi hələ də istənilən səviyyəyə çata bilməyib:

"Ancaq son illərə diqqət yetirdikdə görürük ki, müəyyən inkişaf var. Maddi texniki bazamız universitetlərdə təkmilləşdirilsə belə, yenə də müəllim heyətində müxtəlif inkişaf proqramlarının tətbiqinə ehtiyac var. Sözsüz ki, dərsliklər, sillabuslar mütləq şəkildə yenilənməlidir. Ən əsas problemlərimizdən biri isə istər yerli, istərsə də beynəlxalq əmək bazarının araşdırılıb buna görə ixtisasların müəyyən olunmasıdır. Məhz araşdırılmadan ixtisasların açılması və ehtiyac olmayan ixtisaslarda plan yerlərinin artırılması gələcəkdə məzun olan tələbələrin işsizlik probleminin artması ilə nəticələnə bilər. Buna görə də xaricdə oxuyub gələn həmvətənlilərimizin öyrəndiklərindən istifadə etməliyik. Bundan əlavə də universitetlər öz müəllim əməkdaşlarını xarici universitetlərə göndərməli və onların inkişaf metodlarından istifadə edərək təkmilləşdirməlidirlər".

Sevinc İBRAHİMZADƏ