Uşaqlarını bağçalara yazdıracaq valideynlərin nəzərinə - Seçim necə aparılmalıdır?

 13:50 29.07.2024     2391

Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb. Məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

Bəs uşaqlarını bağçalara yazdırmaq istəyən valideynlər nələrə diqqət yetirməlidirlər?

Bu barədə təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, valideynlər əsasən özlərinin yaşadığı ərazilərdəki bağçalara üstünlük verməlidirlər:

"Bu, həm valideynlərin rahat formada övladlarını aparıb-gətirməsi baxımından, həm də uşaqların yorulmaması cəhətdən daha yaxşı olar. Bundan əlavə, seçmə apararkən bağçanın şəraitinə diqqət yetirməli, orada təhsil verən şəxslərin bilik və təcrübələrini araşdırıb yoxlamalıdırlar. Bütün bunlara əmin olduqdan sonra bağçaya sorğu göndərməlidirlər".

Ekspert qeyd etdi ki, bağça təhsili strateji təhsil pilləsindən biri hesab olunur.

"Burada toplanılan biliklər həmin uşaqların ibtidai və daha yuxarı təhsil mərhələsində öyrənmələrini asanlaşdırır", - deyə E.Əfəndi bildirdi.

Sevinc İBRAHİMZADƏ