"Şagirdə "2" yazıb, özü də "2"yə layiq olan müəllimlərin məktəblərdə işləməsi doğru deyil" - AÇIQLAMA
Bu il sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin sayı çox oldu. Eyni zamanda sertifikasiya imtahanlarının nəticələri narazılıqlar doğurdu. Bununla belə Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən verilən məlumata görə, sertifikasiyadan kəsilən sosial baxımdan həssas əhali qrupuna aid bir sıra vətəndaşlarımız alternativ işlərə cəlb olunublar. Bəs qeyd olunan alternativ işlər hansılardır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev öncə bildirdi ki, sertifikasiya imtahanlarının keçirilməsinin və bu imtahanda obyektivliyin, eləcə də ciddiliyin olmasının tərəfdarıdır:
"Çünki bu, bizim gələcəyimiz üçün atılan bir addımdır. Biz gənc nəslə yaxşı pedoqoji biliyi mənimsəmiş müəllimlərin dərs deməsini istəyiriksə, sertifikasiya imtahanının keçirilməsini dəstəkləməliyik. Bu imtahanın nəticəsi ağ ilə qaranı orataya çıxarır. İllərlə ümumtəhsil məktəblərində işləyən, ancaq öz ixtisasını bilməyən, şagirdə "2" yazıb, özü də "2"yə layiq olan müəllimlərin məktəblərdə işləməsi doğru deyil. Xüsusilə də ibtidai sinifdən, yəni bir şagirdin başlanğıcından onun gələcək təhsili üçün təməli doğru atılmayacaqsa, həmin müəllimlərin ümumtəhsil müəssisələrində fəaliyyət göstərmələrinə qarşıyam və sertifikasiyanı da dəstəkləyirəm".
Ekspert vurğuladı ki, sertifikasiya imtahanından kəsilən müəllimlərə, hansıların ki, ailə və sosial problemləri var, müəyyən dəstək göstəriləcək:
"Təbii ki, bu da həmin müəllimlərin agentliyə müraciəti əsasında olacaq və onların işlə təmin olunmasına köməklik göstəriləcək. Ehtimal ki, bu müəllimlər öz fəaliyyətlərini kitabxanalarda, müxtəlif dərnəklərdə davam etdirə bilərlər. Bəzən ola bilər ki, həmin yerlərdə əsas işçi analıq məzuniyyətinə çıxsın, bu halda da həmin müəllim kadrlardan da istifadə olunacağı ehtimal olunur".
Ramin Nurəliyev qeyd etdi ki, sertifikasiyadan keçə bilməyən müəllimlər pedoqoji sahədə fəaliyyətlərini davam etdirmək istəyirlərsə, növbəti illərdə ciddi hazırlaşaraq MİQ imtahanında iştirak edə və müvafiq balı topladığı halda vakansiyalarda iştirak edə bilərlər: "Bu, bir müəllimin öz peşəsini davam etdirməsi üçün bir şansdır".
Sevinc İBRAHİMZADƏ