"Dövlət məktəblərində ingilisdilli siniflər də təşkil olunmalıdır" - Vüsalə Ağabəyli

 17:42 05.08.2024     1055

Hazırda, ölkə üzrə 22 ümumtəhsil müəssisəsində ingilis bölməsi fəaliyyət göstərir.

Bu barədə Elm və Təhsil Nazirliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 2-si dövlət, 20-si isə özəl ümumtəhsil müəssisəsidir. Həmçinin bildirilib ki, 2023/2024-cü tədris ilində ölkə üzrə ingilis bölmələrinin birinci sinfində 1323 şagird təhsil alıb.

Bəs dövlət məktəblərində ingilis dilli bölmələrin sayı artırılmalıdırmı?

Bu barədə filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli fikirlərini Redaktor.az-a bölüşdü:

"Ölkəmizdə fəaliyyət göstərən ingilisdilli məktəblərin çoxu ödənişli əsaslarla xidmət göstərir. Qiymətlərlə tanış olanda təhsil haqlarının normal orta statistik əmək haqqı ilə yaşam şərtləri quran ailələrin büdcəsinə uyğun olmadığı açıq görünür. Qiymətlərin belə yüksək olması təlabatdan asılı olmaqla yanaşı, həm də reytinqə xidmət edir. Əslində, bəzi ingilisdilli orta məktəbləri araşdırarkən tədris edən müəllimlərin heç də öz ixtisasına uyğun olmadığı, xaricdən dəvət olunanların isə bəzən heç pedaqoq olmadıqları belə ortaya çıxır. Sadəcə ingilis dilini bilmək həmin dildə tədris apara bilmək demək deyil və ya sadəcə ingilis dilini bilməklə həmin dildə riyaziyyatı, fizikanı və sair fənləri tədris edə bilmək eyni effekti vermir. Azsaylı məktəblərdə ixtisas üzrə peşəkar kadrlar var. Çünki bu gün ali təhsil müəssisələrində hələ son illərdə ingilisdilli fənn müəllimləri yetişdirmək üçün ixtisaslar açılıb, o da əsasən ibtidai təhsili əhatə edir".

Dosent qeyd etdi ki, bu gün ingilis dilinə təlabat böyükdür:

"Ümumiyyətlə, istər ingilis, istər rus dillərində nə qədər mükəmməl bünövrə qurub gələcəyin kadrını yetişdirə biliriksə, Azərbaycan elmi-mədəni mühiti, təhsili üçün faydalıdır. O halda ki, həmin uşaq Azərbaycanın milli-mənəvi dəyərləri ilə yetişsin. Tarixinə, mədəniyyətinə, kökünə bağlı olmayan uşaq Azərbaycan üçün bir şey etməyəcək. Ona görə də, ingilisdilli tədrisi dövlət məktəblərində də tənzimləyə bilsək, bu da təhsil adına bizim uğurumuz olardı. Çünki özəl məktəblərin tədris proqramları, demək olar ki, ya IB proqramı üzrə təşkil olunur, ya da özünəməxsus olur. Belə olduqda isə həmin proqramın məzmununda və kökündə Azərbaycan dövlətçilik siyasəti, milli-mənənəvi dəyərlərin aşılanması məsələsi durmur. Potensial kadr yetişir, lakin Azərbaycana fayda verməyi onun prioritet məsələsi olmur. Bu baxımdan da, dövlət məktəblərində rusdilli siniflərlə yanaşı, ingilisdilli siniflərin də təşkili arzuolunandır", - deyə V.Ağabəyli bildirdi.

Sevinc İBRAHİMZADƏ