"Ali təhsil müəssisələrinə qəbul SAT imtahanı ilə aparılmalıdır" - Ekspertdən TƏKLİF

 17:45 06.08.2024     606

"Ali təhsil müəssisələrinə qəbul eyni zamanda SAT (Scholastic Assessment Test) imtahanının nəticələri ilə aparılmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli bildirdi.

O vurğuladı ki, ali məktəblərə qəbulun SAT imtahanlarının nəticələrinə əsasən aparılması bütün dünyada tətbiq edilən bir qiymətləndirmə sistemidir. Eyni zamanda dünyanın inkişaf etmiş ölkələrində SAT imtahanlarının nəticələri keçirilən digər rəsmi imatahanların nəticələrinə bərabər tutulur:

"SAT təkcə riyaziyyat, fiizka, yazmaq, oxumaq bacarıqlarını əhatə etmir. Əksinə, digər sahələrə də şaxələnir. Məsələn, SAT-ın tibb sahəsində kimya, biologiya kimi istiqamətləri mövcuddur. Davamlı olaraq orta məktəblərdə müzakirə etdiyimiz, hansı ki PISA qiymətləndirməsi var və Azərbaycan da bu sahədə inkişaf edir. Doğrudur, nəticələrimiz müəyyən illərdə azalır və ya artır. Ancaq burada qiymətləndirmə əsasən riyaziyyat, təbiət elmləri və oxuyub-anlama bacarıqlarının inkişafı üzərindən aparılır. SAT-ın tətbiqi və ali məktəblərə qəbulda bu imtahanın nəticələrindən istifadə olunmasını orta məktəblərdə uşaqların PISA qiymətləndirməsinə ekvivalentliyini nəzərə alaraq daha çox inkişaf etdirilə bilər".

Ekspert qeyd etdi ki, tələbələrimizin xarici universitetlərə hazırlaşmalarını diqqətə alsaq, SAT vasitəsilə xarici universitetlərə qəbul şansları da çoxalır. Onun sözlərinə görə, həmçinin xarici tələbələri də öz universitetlərimizə cəlb edə bilərik:

"Məsələn, Massaçusets Texnologiya İnstitutunda qəbul birmənalı olaraq SAT üzərindən aparılır. Azərbaycanın da SAT üzərindən qəbul aparması insanlarda təhsil sistemimizə qarşı güvən yaradar. Normalda xarici tələbələrin qəbulu çox sadədir, müraciət edilir, sənədlər göstərilir, ən yaxşı halda isə müsahibə mərhələsi keçirilir. SAT insanın düşünməsini, oxuyub-anlamasını, hesablamasını, məntifiq təfəkkürünün ölçən proqramdır. Bunun vasitəsilə tələbələrimizin daha bacarıqlı olmasına dair əminlik yaranır. Düşünürəm ki, tələbələrin gələcəkdə rahatlıqla müəyyən xarici universitetlərə transfer olması, xarici proqramlarda iştirak edə bilməsi üçün SAT imtahanlarının nəticələrinin universitetlərdə keçərli olması qəbul edilməlidir. Bu, həm yerli vətəndaşlar üçün faydalıdır, həm də universitetin xarici tələbə cəlb etmə baxımından daha keyfiyyətli görünməsinə şərait yaradacaqdır".

Sevinc İBRAHİMZADƏ