BANM niyə Bibiheybətə köçürülmür?
2024/2025 tədris ilindən etibarən Bakıda fəaliyyət göstərməsi planlaşdırılan Türkiyə-Azərbaycan Universiteti Bakı Ali Neft Məktəbinin (BANM) Xətai metrostansiyasının çıxışındakı binasında fəaliyyətə başlayacaq.
Bu barədə bir neçə gün öncə Elm və Ali təhsil üzrə Dövlət Agentliyi açıqlama verib.
BANM-ın isə ləğv olunmuş Bakı Fransız Liseyinin binasına köçəcəyi bildirilir. Ancaq maraqlısı budur ki, 1 may 2017-ci il tarixində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş BANM-ın yeni kampusunun açılışı olmasına baxmayaraq, o zamandan bu günədək bu kampusda dərs keçirilmir.
Qeyd edək ki, 7 il əvvəl açılışı olan ali məktəbin yeni kampusunda tədris binasından tutmuş, qapalı idman zalları, qapalı üzgüçülük hovuzu, açıq tennis, voleybol, basketbol meydançaları və böyük stadion var. Kampusda həmçinin 400 nəfərlik yataqxana binası da tikilib.
Odur ki, BANM-ın indiyədək nə üçün Xocalı porspektindəki binada fəaliyyət göstərməsi və Bibiheybət qəsəbəsində 7 hektar ərazidə böyük kampusu ola-ola Bakı Fransız Liseyinin binasına köçməsi də müəyyən suallar doğurur.
Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal isə Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, köçürülmə ilə bağlı qərar hələlik təsdiqlənməyib. Bu barədə BANM-ın rektoru Elmar Qasımov yaxın vaxtlarda mətbuata ətraflı açıqlama verəcək.
Sevinc İBRAHİMZADƏ