Bu ixtisasların keçid balları QALXACAQ - Tanınmış təhsil ekspertindən AÇIQLAMA
Ali məktəblərə ixtisas seçimi üçün “Abituriyent” jurnalının 4-cü nömrəsi çapdan çıxıb. Bu jurnal vasitəsilə abituriyentlər öz topladıqları bala uyğun olan ixtisaslarla bağlı seçim edə bilərlər. Bəs ötənilki keçid balları ilə builki ballar arasında fərq necədir?
Bu barədə təhsil eksperti Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, bu il ixtisas qrupları üzrə göstəricilər ötən ili qabaqlayır:
"Bunun da səbəbi buraxılış imtahanındakı nəticələrin ötən illərə nisbətdə xeyli yüksəlməsi oldu. Bu il ilk dəfə olaraq, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında proqramla bağlı addım atıldı və bunun nəticəsində şagirdlərin buraxılış nəticələri son 10 ilin ən yaxşısı oldu. Lakin təəssüf ki, blok imtahanında nəticələr xeyli aşağı oldu. Buna baxmayaraq, builki keçid balları keçənilki ballardan bütün qruplar üzrə xeyli fərqlənir".
Ekspert keçid ballarının artması ehtimalı olan ixtisasları qeyd etdi:
"Bu il regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə keçid ballarının xeyli artacağı gözlənilir. Bilirik ki, bu ixtisaslar III qrupa aiddir və bu qrup üzrə ballar xeyli yaxşıdır. Həmçinin I ixtisas qrupunda riyaziyyat-informatika alt qrupuna aid olan ixtisasların, İT əsaslı kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları ixtisaslarının da keçid balları qalxacaq. Çünki builki riyaziyyat-informatika göstəriciləri ilə ötənilki göstəricilər arasında fərq çoxdur.
III ixtisas qrupunda bu il 500+ və 600+ nəticə göstərən abituriyentlərin sayı çoxalıb. Bu da həmin qrupda rəqabətliliyi artırır. Hüquq, politologiya, idarəetmə və hətta pedoqoji əsaslı ixtisasların da keçid balı bu səbəbdən artacaq. Həmçinin bu il Qarabağ Universiteti amili var ki, yüksək bal toplayan abituriyentlərin çoxu orada oxumağa can atır. Həmin universitetdəki ixtisasların da bir çoxu III ixtisas qrupuna aiddir.
II ixtisas qrupu isə öz sabitliyi ilə seçilir. Burada keçid ballarının çox da artacağını gözləməməliyik. Çünki imtahan göstəriciləri artdığı kimi plan yerləri də artıb. Bu il rekord sayda plan yeri olacaq. Plan yerlərinin çoxalması isə vəziyyəti stabilləşdirir. Ancaq II ixtisas qrupunda plan yerlərinin həddən artıq artacağını gözləməməliyik.
IV qrupda tibb, stomatologiya, ictimai səhiyyə, əczaçılıq ixtisaslarının balının artacağı təxmin edilir. Burada əsas göstərici tibb ixtisasının üzərinə düşür, çünki bura müraciətlər ildən-ilə artır və IV qrupa imtahan verənlərin vəziyyətini çətinləşdirir. Bu qrup üzrə böyük əksəriyyət tibb ixtisası oxumaq istəyir, digər ixtisasları görməzdən gəlir, hərçənd bu, düzgün yanaşma deyil. Beləliklə, IV qrupda da rəqabət süni şəkildə artmış olur".
Sevinc İBRAHİMZADƏ