Müəllim olmaq istəyənlər "ASAN xidmət"dən bu arayışı almalıdırlar - AÇIQLAMA
Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək. Bəs müsahibə mərhələsi necə qiymətləndirilir?
Bu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, müəllimlərin işə qəbulunun müsahibə mərhələsi formal xarakter daşıyır:
"Müəllimlərin şəxsi kabinetinə 5 mövzu göndərilir. Həmin mövzular üzrə nümunə dərslər hazırlayırlar. Hətta çox vaxt müəllimlər heç özləri hazırlamır, böyük əksəriyyət ödəniş əsasında kimlərəsə hazırlatdırır. Həmin mövzular əsasında onlara suallar verilir. Əslində isə, müsahibə belə olmalı deyil. Birinci növbədə müəllim olmaq istəyənlərin motivasiya məktubu olmalıdır. Biz bu gün beynəlxalq təhsil təcrübəsindən danışırıqsa, burada motivasiya məktubu çox önəmlidir. Hətta Sinqapur təhsilində müəllimin işə qəbulunun 50 faizi məhz motivasiya məktubuna əsaslanır. Qazaxıstanda müəllimlərin işə qəbulunun müsahibə mərhələsində onların pedoqoji və psixoloji hazırlıqları nəzərə alınır".
Ekspertin fikrincə, müsahibə mərhələsinin formatını dəyişmək lazımdır.
"Hazırkı mərhələdə müsahibədə onlara niyə müəllim olmaq istəyirlər, bu sistemə gəlmələri onlara nə verəcək, özlərini necə müəllim kimi görürlər və s. kimi sualları vermək olar. Reallıq ondan ibarətdir ki, hazırda bizdə MİQ-in müsahibəsi formata uyğun deyil və dəyişilməlidir. Müəllim olmaq istəyənlər "ASAN xidmət"dən məhkumluğun olub-olmadığı barədə arayış almalıdırlar. Məhkumluq varsa, bunun səbəbi araşdırılmalıdır. Ancaq hazırkı vaxtda müəllimlər Müsahibə Komissiyasının üzvlərinin subyektiv fikirləri əsasında seçilirlər, standart kriteriyalar yoxdur", - deyə Elşən Qafarov bildirdi.
Sevinc İBRAHİMZADƏ