I ixtisas qrupunda 500-dən 600-dək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

 17:48 12.08.2024     772

Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 2101 nəfər, Rİ altqrupu üzrə 1528 nəfər 500-dən 600-dək bal toplayıb.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, I ixtisas qrupunda 600 və daha çox bal toplayanların sayı isə RK altqrupu üzrə 551 nəfər, Rİ altqrupu üzrə 792 nəfər olub.

I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 11 min 917, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 18 min 301 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9007 plan yeri var. Rİ altqrupu üzrə ümumilikdə 6975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5400 plan yeri ayrılıb.