"Bəlkə heç qəbul imtahanlarına ehtiyac olmayacaq" - Test üsulu ləğv ediləcək?

 14:07 20.08.2024     763

Bir çoxları Azərbaycanda imtahanların test üsulu ilə keçirilməsinin şagirdlərdə tənbəllik, eləcə də savadsızlığa səbəb olduğu qənaətindədirlər. Çünki test imtahanına öyrəşən şagird əzbərçiliyə meyilli olur və bu, onun sonradan qazandığı yeni informasiyaları qavramasına və ötürməsinə müəyyən mənada çətinlik törədir.

Bəs hansı imtahan üsulu daha effektiv hesab oluna bilər? 

Bu barədə filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Vurğun Əyyubun səyi nəticəsində Azərbaycan təhsil məkanında qəbul imtahanlarda tətbiq edilən test üsulu uğursuz layihə deyil:

"Düzdür, çatışmazlıqlar var, nitq vərdişləri, dil qüsuru, yazı qabiliyyəti bəzən birbaşa ixtisasa təsir edir. Lakin ən önəmli məqam odur ki, test üsulu ilə qəbulda kasıbın da, varlının da övladı eyni şəkildə imtahan verə bilir, şəhərin mərkəzində yaşayan üçün də, ən ucqar kənddə yaşayan üçün də qəbul şərtləri eynidir, təhsil əlçatandır, fiziki şəxslərin müdaxiləsi demək olar ki, çox azdır. Azərbaycan cəmiyyətində məktəbin şagird kontingentinin böyük əksəriyyəti ali təhsil almaq üçün səy göstərir, ailələr, müəllimlər, məktəblər ali təhsil uğrunda rəqabətdədir. Buna görə də, mən hal-hazırda test üsuluna alternativ başqa bir qəbul modeli görmürəm. Bəli, doğrudur, zaman dəyişir, şərtlər dəyişir və təhsil mühiti də dəyişir. Ancaq Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açıqlamasına görə də, hələ ki, test üsülunu əvəz edəcək başqa bir qəbul modeli düşünülməyib".

Dosent vurğuladı ki, test üsulu obyektivliyi təmin edir, şəffaflığı qoruyur.

"Qəbul imtahanları üçün yeni model tətbiq olunarsa, həmin modeldə kimliyindən asılı olmayaraq hər hansı fiziki şəxsin müdaxiləsi olarsa, qeyri-obyektivlik çox olacaq. Lakin ali təhsil məkanına keçid etməyin əsas vasitələrindən biri - orta məktəblərin rolunun gücləndirilməsi və keyfiyyətli təhsil istiqamətində aparılacaq islahatlar Azərbaycan təhsilinin inkişafına təkan verə bilər. Qəbul imtahanları modeli üzərində baş sındırmaqdan, onu da qəlizləşdirməkdənsə, biz orta məktəblərin təhsildə nüfuzunu və keyfiyyətini təşkil etməliyik. Bu o demək deyil ki, məcburi davamiyyət üzərindən nəzarət aparılsın və ya ildə bir dəfə monitorinq təşkil edib günahkar axtarılsın. Bu çox ciddi məsələdir. Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birlikdə mütləq bu sistemin qurulması üzərində dərin araşdırmalar aparmalıdır. Bəlkə heç qəbul imtahanlarına ehtiyac olmayacaq. Bu prosesin doğru təşkili üçün Azərbaycan təhsil məkanında düzgün və vicdanlı kadrların önəmli strukturlara cəlb olunması vacibdir", - deyə Vüsalə Ağabəyli bildirdi.

Sevinc İBRAHİMZADƏ