Rusiya-Azərbaycan Universitetinin yaradılması təhsil sisteminə nə vəd edir? - Millət vəkili AÇIQLADI
Ötən gün Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, hazırda Rusiya-Azərbaycan birgə Universitetinin yaradılması imkanları nəzərdən keçirilir.
Ölkəmizdə həm orta məktəblərdə, həm də universitetlərdə kifayət qədər rus bölmələrinin olduğunu nəzərə alsaq, o zaman Rusiya-Azərbaycan Universitetinin yaradılması Azərbaycan təhsil sisteminə nə vəd edir?
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov öz fikirlərini Redaktor.az-la bölüşdü:
O vurğuladı ki, Rusiya böyük bir dövlətdir və bizim qonşumuzdur.
"Biz Rusiya ilə münasibətləri qorumalıyıq. Hərçənd tarix boyu Rusiyanın atdığı müəyyən addımlar Azərbaycanda narazılıq yaradıb. Amma biz bilməliyik ki, nə biz bu bölgədən birdəfəlik gedənik, nə də Rusiya. Ona görə də Rusiya ilə bağlı məsələləri təhlil edərkən diqqətli olmalıyıq. Bilməliyik ki, kənardan da izləyənlər var. Bu gün Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf edir. Eyni zamanda bu universitetin yaradılması iki ölkə arasındakı əlaqələrin inkişafına da töhvə verəcək".
Ceyhun Məmmədov yeni universitetin yaradılması qərarını dəstəklədi:
"Bu, çox düzgün və önəmli qərardır. Biz rus dilini, rusların tarixini yaxşı bilməliyik. Rusiya-Azərbaycan Universitetinin yaradılması bu baxımdan bizim təhsil sistemimizə öz töhvəsini verəcək. Həm Rusiya təcrübəsini öyrənəcəyik, həm də təhsilimiz yeni bir mərhələyə qədəm qoyacaq. Odur ki, bu məsələdə narahatlığa gərək yoxdur. Azərbaycanda bir çox ölkələrin birgə universitetləri fəaliyyət göstərir və təhsil sistemi üçün heç bir problem vəd etmir. Eləcə də Rusiya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı verilən qərarlara hörmətlə yanaşmalıyıq və uğurlar arzulamalıyıq".
Sevinc İBRAHİMZADƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.