Qarabağ Universitetinə qəbul olan Vətən müharibəsi veteranının oğlu DANIŞDI

 14:50 23.08.2024     1783

Tərtər rayon 6 nömrəli məktəbinin məzunu Emil Elşən oğlu Əhmədov 595,9 balla Qarabağ Universitetinin Maliyyə ixtisasına qəbul olub.

O, öz sevincini Redaktor.az-la bölüşdü.

Emil Əhmədov bildirdi ki, daha əvvəl buraxılış imtahanlarının sınaqlarında iştirak edib:

"Sınaq imtahanlarında 218, 234, 242 bal yığırdım. İxtisas seçimi zamanı da Qarabağ Universitetində Maliyyə ixtisasını birinci yerə yazmışdım və sevinirəm ki, elə ora da qəbul oldum. Qarabağ Universiteti gələcəyə perspektivli vədlər verirdi, həm də Qarabağ Azərbaycanın tarix səhnəsində böyük bir addır, bu adın dünya arenalarında tanınması üçün əlimdən gələni edəcəyəm. Eyni zamanda atam Vətən müharibəsi veteranıdır. Ona görə də mənim Qarabağ Universitetində təhsil almağım şəhidlərimizin ruhunu şad edər, qazilərimizə şərəf olar".

Müsahibimiz tələbəlik həyatı ilə bağlı planlarından da danışdı:

"Qarabağ Universitetində builki təhsil yalnız Azərbaycan dilində olacaq, ancaq SABAH qrupları da yaradılıb. Mən də birinci kurs ərzində ingilis dilini yaxşı öyrənib, təhsilimi SABAH qruplarında davam etdirmək istəyirəm". 

Emil müəllimlərinə təşəkkür etməyi də unutmadı:

"Müəllimlərim bu yolda mənə, həqiqətən, çox dəstək oldular. Onların əziyyəti danılmazdır. Oxumağa sıfırdan başladım. Çünki həm koronavirus, həm də müharibədən sonra dərslər yaxşı deyildi, ancaq müəllimlərim mənə inandı və mən də, şükür ki, onları doğrultdum. Müəllimlərimə hər şeyə görə çox təşəkkür edirəm".

Qeyd edək ki, Emil Əhmədov məktəbi fərqlənmə attestatı ilə bitirib. Ona tələbəlik həyatında uğurlar arzu edirik!

Sevinc İBRAHİMZADƏ

2