"Qarabağ Universitetinin tələbəsi olmaq əvəzedilməz hissdir" - Bahar Əmrahzadə
Tərtər rayon Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin məzunu Əmrahzadə Bahar Həsən qızı 580 balla Qarabağ Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub.
O, bu barədə Redaktor.az-a açıqlamasında danışdı:
"Daha əvvəl sınaq imtahanlarında iştirak edəndə nəticəm 500-550 olurdu. Əslində, balıma görə inanırdım ki, qəbul ola biləcəm. Qarabağ Universitetinin tələbəsi olmaq mənim üçün əvəzedilməz bir hissdir. Bu universiteti seçmək səbəbim ilk növbədə universitetin prestijli imkanlarıdır. Çünki həm ikili diplom, həm xarici dilin yüksək səviyyədə öyrədilməsi olduqca mükəmməldir. Eyni zamanda məsafə baxımından da mənə daha yaxındır".
Bahar Əmrahzadə bildirdi ki, gələcək magistr təhsilini xaricdə davam etdirmək istəyir:
"Gələcəkdə başqa bir neçə dili öyrənmək, kompüter bacarıqlarına yiyələnmək və xüsusən universitetdə müəllim olaraq çalışmaq arzum var".
O, müəllimlərinə də təşəkkürlərini çatdırdı:
"Müəllimlərimin üzərimdəki əziyyəti danılmazdır. Hər cür problemlərimizə, çətinliklərimizə baxmayaraq, arxamızda durub dəstək olurdular, heç yorulmadan bizə bütün dərsləri izah edirdilər. Hər şeyə görə onlara minnətdaram".
Sevinc İBRAHİMZADƏ