Qəbul imtahanından keçməyənlərə təhsil ekspertindən vacib MƏSLƏHƏT

 16:36 26.08.2024     1445

"Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında tələb olunan balı toplaya bilməyən abituriyentlər başqa çıxış yolları axtarmağa başlayırlar. Bu zaman abituriyentlərin və onların valideynlərinin həssas durumundan istifadə edən bəzi təhsil şirkətləri onların “imdadına çatır”. Həmin şirkətlər yalnız attestatla xaricdə ali təhsil almağı təklif edirlər. Amma düşünün ki, 11 illik orta təhsil bazasında təhsil alan, üstəlik qəbul imtahanının proqramına uyğun şəkildə repititorluq xidmətindən faydalanan abituriyent heç 100 balı toplaya bilmirsə, onun xarici ölkədə effektli təhsil alacağı inandırıcı görünmür". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirdi.

Onun sözlərinə görə, müşahidələr də göstərir ki, Gürcüstanın, Türkiyənin təkcə attestat tələbi ilə qəbul elan edən ali təhsil ocaqlarına üz tutanlar təhsillərini sonadək başa vura bilmirlər:

"Nəticədə, bu seçim vaxt və vəsait itkisindən başqa bir şey deyil. Bəzi universitetlər var ki, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən verilən siyahıda universitetlərin diplomları tanınmır. Ona görə də məsləhət görülmür ki, həmin universitetlərdə təhsil alsınlar. Çünki sözügedən diplomlar ölkəmizdə qəbul olunmur. Bu da hamısına aid deyil. Bəzi xarici universitetlər var ki, onlar siyahıda yer alıb. Məlumdur ki, xaricdə təhsil almaq hər bir gəncin arzusudur. Amma bu istək imtahan əsasında tələbə qəbul edən nüfuzlu universitetlərdə oxumaqla reallığa çevrilə bilər. Çünki Rusiyanın, Türkiyənin, Gürcüstanın və sair nüfuzlu dövlət universitetlərinə qəbul attestatla mümkün deyil".

Təhsil eksperti qeyd etdi ki, ölkəmizdə fəaliyyət göstərən bir çox universitetlər artıq dünya reytinqində yüksəlməyə başlayıb:

"Abituriyentlərin respublika universitetlərində ixtisaslı kadr kimi yetişdirilməsi üçün əlverişli şərait mövcuddur. Təhsil eksperti kimi məsləhət görürəm ki, qəbul imtahanından keçə bilməyən abituriyentlər, yanlış seçim etmək əvəzinə, bir il də artıq hazırlaşaraq tələbə adını qazana bilərlər".

Sevinc İBRAHİMZADƏ