İkinci turda hansı abituriyentlərin şansı çoxdur? - AÇIQLAMA

 17:11 26.08.2024     547

Bu il yanlış ixtisas seçimi və ya yalnız bir yeri yazmaq bir çox abituriyentin universitetdən kəsilməsinə səbəb olub. Ancaq onlar üçün bu illik son ümid boş qalan yerlər üçün ixtisas seçimlərinin II mərhələsidir.

Maraqlıdır, ikinci turda hansı abituriyentlərin ali məktəbə daxil olmaq şansı vardır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri öncə bildirdi ki, builki nəticələr gözlənilməz oldu:

"Bir neçə gün öncə ali təhsil müəssisələrinin ixtisas seçimi nəticələri açıqlandı. Nəticələrə əsasən 55 565 abituriyent ali məktəb tələbəsi adını qazandı. Bu Azərbaycan test imtahanı tarixində rekord göstəricidir. Həmçinin kəsilənlərin sayında anti rekord qeytında 27 227 abituriyent çox təəssüf olsun ki, birinci mərhələdə uğur qazana bilmədi. Amma hər il olduğu kimi bu ildə ikinci tur var və bu tur həmin tələbələr üçün bir növ sonuncu şans olacaqdır. Amma burada şanslı o qədər də çox deyil. Plan yerləri 2000-in üzərindədir". 

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

Təhsil ekspertinin sözlərinə görə, boş qalan yerlər kəsilənlərin ümumi nisbətinə əsasən 13.5 dəfə azdır.

"Burada hər 13 nəfər bir yer üçün mübarizə aparacaq. Ümumiyyətlə, ikinci mərhələ son ümid yolu hesab olunsa da, həmişə o qədər də faydalılığı və rentabelliyi ilə fərqlənməyən bir mərhələ hesab olunur. Çünki burada adəti üzrə çox da diqqət qazanmayan bir çox ixtisaslar var ki, onlar adəti üzrə ixtisas seçimi zamanı çox abituriyent tərəfindən seçilmir və ikinci mərhələdə isə yalnız və yalnız məcburiyyət olaraq "təki universitetə daxil olum" deyə seçilən ixtisaslardır. Amma və lakin müəyyən istisnalar da ola bilir. Tutalım ki, III qrupda tarix-coğrafiyanın artıq üç ildir ki, alt qrupu var. Yəni coğrafiyadan imtahan verib regionşünaslıqla bağlı müəyyən ixtisaslar seçmək olar. Bu coğrafiyadan imtahan verməyən şəxslərə şamil olunmur", - deyə E.Nuri bildirdi.

Qeyd edək ki, birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.

Türkan İSGƏNDƏRLİ