Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq

 15:14 27.08.2024     547

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti avqustun 31-dək uzadılıb.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla (violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, faqot, saksofon, truba, trombon, valtorna, zərb alətləri, balaban, qanun, saz) ixtisasları üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər.

Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər.