"Bağça müəllimlərinin onlayn sınaqları effektiv olmayacaq" - Ekspert AÇIQLADI
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 29-u saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət - tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.
Bəs bu sınaqların mahiyyəti nədir və nə qədər effektivdir?
Bu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, məktəbəqədər təhsil işçilərinin qarşıda sertifikasiya prosesi gözlənilir və onların sertifikasiyaya hazırlanması məqsədilə ilk növbədə diaqnostik qiymətləndirmə keçirilməsi prosesi başlayacaq:
"Məktəbəqədər təhsil işçilərinin peşəkarlıq səviyyəsində olan problemlər hamıya məlumdur. Ümumilikdə 17 minə qədər pedoqoji işçi arasında hər 3 nəfərdən birinin ümumiyyətlə təhsili yoxdur. Digər hər 3 nəfərdən birinin təhsili isə məktəbəqədər təhsil ilə bağlı deyil. Nəticə etibarilə peşəkarlığın yoxlanılması ilə bağlı prosedura təhsilverənləri hazırlaşdırmaq məqsədilə onlayn şəkildə sınaqlar keçiriləcək. Düşünürəm ki, biz bu məsələdə ciddi addım atmalıyıq. Ən azından məktəbəqədər təhsil müəssisələrində çalışan və pedoqoji təhsili olmayan şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilməlidir və bu, qanunvericiliyə uyğunlaşdırılmalıdır. Nə qədər ki, məktəbəqədər təhsil müəssisələrində kadrlar bu vəziyyətdədir, düşünmürəm ki, orada həyata keçirilən istər qiymətləndirmə, istər sertifikatlaşdırma prosesi lazım olan nəticəni verər".
Ekspert əlavə etdi ki, sınaqlar onlayn olacaq və bu cür imtahanlarda çox vaxt kənardan köməklər olur:
"Biz bunu distant təhsil zamanı görmüşük. Ona görə də onlayn sınaqların effektiv olacağını düşünmürəm".
Sevinc İBRAHHİMZADƏ