600 balla universitetdən kənar qalan abituriyentlərə deputatdan REAKSİYA

 17:50 28.08.2024     1385

Universitetə qəbul nəticələri açıqlandıqdan sonra ölkəni təəccübləndirən hadisə 600-dən çox bal toplayan iki abituriyentin ali təhsil müəssisələrinə qəbul olmaması olub.

Ümumiyyətlə ixtisas seçimində bu cür riskə getmək düzgündür? Yaxud Azərbaycabda dövlət universitetlərində ödənişli təhsil ləğv oluna bilərmi ki, yüksək bal toplayanlar ödənişsiz təhsil formasını seçə bilsinlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, ixtisas seçimi edərkən ortaya düzgün yanaşma qoyulmalıdır.

"Ümumiyyətlə, bu proses mürəkkəb bir prosesdir. Bu məsələdə məsuliyyəti gənclər özü daşıyır. Əlbəttə, bu seçim onların seçimidir. Bəzi gənclər var ki, yalnız bir ixtisas üzrə getmək istəyirlər və onlar hətta ümumi imtahandan kəsilsələr də, seçimi yalnız bir qaydada edərək növbəti ildə də özlərini yenidən sınamaq istəyirlər. Mən düşünürəm ki, gənclər bu qədər əziyyət çəkmişkən ixtisas seçimini edərkən bir neçə ixtisası yazmalı, düzgün seçim etməli və düzgün yanaşmanı ortaya qoymalıdırlar. Bu da onların gələcəyi üçün olduqca önəmli və vacib bir məsələdir". 

Millət vəklinin sözlərinə görə, dövlət gənclərin ödənişsiz təhsili üçün addımlar atır.

"Dövlət ödənişsiz təhsil istiqamətində addımlar atır. Burada da bu reallıq nəzərə alınmalıdır. Yəni bu gün gənclərin təxminən 50 faizdən artığı dövlət hesabına təhsil alırlar. Hər il də bu istiqamətdə dövlətin dəstəyi daha da artır və biz çalışmalıyıq ki, bu istiqamətdə addımlarımızı davam etdirək. Mən hesab edirəm ki, gənclərə, təhsilə, dövlətin dəstəyi böyükdür. Gənclər özləri ixtisas seçimini və bu istiqamətdə addımları düzgün atmalıdır. Dövlət üzərinə düşəni ən doğru və ləyaqətli bir formada həyata keçirir və gələcəkdə də keçirəcək", - deyə Ceyhun Məmmədov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ