"İndiki şagirdlərin əlindən telefonu almaq əvəzinə..." - Təhsil ekspertindən TƏKLİF

 14:13 29.08.2024     743

Fransa 15 yaşınadək şagirdlər üçün məktəblərdə mobil telefondan istifadəni qadağan edən qərarını sınaqdan keçirəcək. Belə ki, 200-ə yaxın orta məktəb şagirdlərin məktəbə gələndə telefonlarını təhvil vermələrini tələb edən yeni sxemə qoşulacaq.

Bəs Azərbaycanda belə bir qanun qəbul edilə bilər? Ümumiyyətlə, məktəblərdə şagirdlərin telefondan istifadəsi labüddür?

Bu barədə təhsil eksperti Elnur Hacıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, digər inkişaf etmiş ölkələr bu məsələyə fərqli yanaşmalar tətbiq edə bilər:

"Burada əsas fokuslanmalı olduğumuz məqam təlim-tədris prosesinə mənfi təsir göstərə biləcək, şagirdlərin öyrənmə prosesində fikir yayındıracaq istənilən maneənin aradan qaldırılmasıdır. Azərbaycan bu məsələyə öz mövcud vəziyyətinə adekvat yanaşmanı tapıb, əvvəl pilot olaraq yoxlayıb, sonra tətbiq etməlidir. Mobil telefon, planşet və internetə çıxış imkanı verən istənilən qurğu təyinatından asılı olaraq öyrənmə prosesinə ziyan da verə bilər, xeyir də gətirə bilər. Fikrimcə, internetə çıxış vasitəsini indiki nəsil şagirdlərin əlindən almaq əvəzinə mobil telefondan tədris prosesində necə faydalanmanın yolları göstərilməlidir. Zərərli saytlardan uzaq durmaları, faydalı saytlardan istifadə təbliğ edilməlidir".

Ekspertin sözlərinə görə, indiki şagirdlərin əlindən telefonu almaq əvəzinə mobil telefonların, internetin bizə yaratdığı imkanlardan, faydalı resurslardan yararlanmanın yolları təbliğ olunmalıdır:

"Süni zəkanın uşaqların öyrənmə prosesinə, o cümlədən məktəbdə tədrisə düzgün formada tətbiqi müzakirə olunmalıdır. Z və Alfa nəsil uşaqların əlindən mobil telefonları almaq mümkün olmayacaq. Şagirdlərə faydalı mobil tətbiqlər və öyrənmə prosesinə dəstək verə biləcək elektron resurslar təbliğ olunmalıdır. Bu zaman mobil telefonlar uşaqlarımızın "düşmən"i yox, "dost"u olacaq".

Sevinc İBRAHİMZADƏ