Paytaxtda I sinfə qəbulla bağlı sorğuların sayı AÇIQLANDI

 14:52 29.08.2024     375

Avqustun 29-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 40 min 383 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6791 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2485-i alternativ qeydiyyat mərkəzlərində, 2970-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1336 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. Elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur. Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri kömək göstərilir.