MİQ imtahanlarında sualların səviyyəsinə yenidən baxılsın! - Ekspertdən nazirliyə TƏKLİF

 17:11 30.08.2024     455

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanmayan 341 müəllimdən 287-si apellyasiyaya müraciət edib. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, MİQ üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Bəs şikayətlər ən çox hansı məsələlər ilə əlaqədardır? 

Bu barədə təhsil eksperti Elçin Murad Redaktor.az-a açıqlamasında bildirdi ki, apellyasiya verən müəllimlərin ən çox müraciəti sualların çətinlik dərəcəsi və suallardakı anormallıqlarla bağlı olub:

"Həmçinin məktəblərdə vakant yerlərinin olduğu halda yerləşdirilmələrin olmaması ilə bağlı da müraciətlər var. Hal-hazırda bunun üzərində yenidən apellyasiyaya görə araşdırma aparılır. 1-2 gündən sonra nəticələr barədə müəllimlərə yenidən məlumat veriləcək. Bu, müəllimlərin yerləşdirilməsində hər il yaşanan problemlərdən biridir. Ona görə də düşünürəm ki, Elm və Təhsil Nazirliyi bu halların növbəti illərdə baş verməməsi üçün daha da diqqətlə və dərindən çalışacaq".

Müəllimlər başqa vəzifə ilə məşğul olduqda o işin keyfiyyəti aşağı düşəcək- Elçin Murad | Informator informasiya portalı

Ekspert təklif etdi ki, bu məsələlərlə bağlı komissiya yaradılsın:

"Sualların səviyyəsinə yenidən baxılsın. Hər il problemlərin yaşanmaması üçün müəllimlərin yerləşdirilməsində şəffaflıq məsələsinə diqqət artırılsın. Bu kimi hallar yerinə yetirilsə, kütləvi şəkildə apellyasiyalar olmayacaq".

Sevinc İBRAHİMZADƏ