"Bu addım müəllimləri əlavə yükdən, şagirdlərimizi isə lazımsız stressdən azad edəcək" - Nadir İsrafilovdan TƏKLİF

 14:29 05.09.2024     768

“İstənilən halda müəllimin hesabatlılıq yükü azaldılmalı, onun əsas vəzifəsi dərsin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir”.

Bunu təhsil eksperti Nadir İsrafilov Redaktor.az-a açıqlamasında bildirdi.

O, Kiçik və Böyük Summativ Qiymətləndirmələrin (BSQ və KSQ) keçirilmə qaydalarından danışdı:

"Məlum olduğu kimi, təcrübədə müşahidə olunan mürəkkəblik və ziddiyyətlilik ucbatından yaranan çətinliklərdən biri də orta ümumtəhsil, lisey və gimnaziyalarda siniflər üzrə KSQ, BSQ-nin keçirilmə qaydasıdır. Bir çoxları xatırlamamış deyillər ki, uzun illər məktəblərimizdə şagird biliyinin qiymətləndirilməsi gündəlik, rüblük və illik olaraq klassik “5” ballıq şkala əsasında, aralıq bir müddətdə isə “9” ballıq şkala əsasında həyata keçirilib, “9” ballıq sistemə keçid istisna olmaqla, ötən illər ərzində elə də bir ciddi narazılıq və narahatçılıq müşahidə edilməyib.

Sonralar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması nəzərdə tutulub, məktəbdaxili qiymətləndirmənin diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarət olduğ təsbit edilib.

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə Təlimata əsasən Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.

Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. 

Proqram, gündəlik plan, formativ qiymətləndirmə, sinif rəhbərinin iş planı, şagirdlərin ev tapşırıqlarının yoxlanılması, summativlərin keçirilməsi, qiymətləndirmənin aparılması, nəticələrin qeyd edilməsi… Sadalananlar bu günün müəlliminin təhsil verməklə yanaşı gündəlik gördüyü işlərdir".

Ekspert bildirdi ki, müəllimin əsas işi və vəzifəsi dərs keçmək, öyrətmək, savadlı-bilikli şagird, cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir:

"Ancaq gördüyü əlavə işlər onu əsas vəzifəsindən yayınmasına, uzaqlaşmasına səbəb olur. Müəllim kağız-kuğuz, yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır. Heç də təsadüfi deyil ki, zaman-zaman ayrı-ayrı müəllimlər tərəfindən həddən artıq əlavə işlərlə yüklənmələri barədə narazılıq və narahatçılıqlarını dilə gətirilib.

Müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da..."Facebook" sosial şəbəkəsindəki təhsil forumlarında müəllimlərin ən çox narazılıq etdiyi məsələ əlavə yazı yükü ilə bağlıdır. Müəllimlər vaxtlarının çox hissəsini sinif jurnalı, formativ, gündəlik, perspektiv planlaşdırma, elektron jurnal, şəxsi iş, elektron hesabata sərf etdiklərindən şikayətlənirlər. Onların iddiasına görə, bu qədər əlavə işlərə sərf etdikləri zaman onlara dərsə hazırlaşmağa vaxt qoymur.

Halbuki normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri kimi müyyənləşdirilib".

Nadir İsrafilov qeyd etdi ki, Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi təhsil ideyamıza çevrilə bilmədi:

"Kurikulum standartları əsasında hazırlanan qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının sonrakı gedişinə də təsirsiz ötüşmədi. Kurikulumun tələbləri səviyyəsində hazırlanan və 2009-cu ilin yanvarında təsdiq olunan “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə, məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil.

Təsəvvür edin ki, təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir: “diaqnostik“, “formativ “, “summativ”. Hələ bu summativlərin “makro” və “mikro” adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar. Daha sonra kurikulum üzrə qiymətləndirmə, yekun qiymətləndirmə, bir səviyyədə müəllimlər və məktəb rəhbərliyi tərəfindən, başqa mərhələdə mərkəzləşdirilmiş qaydada və s. formada… Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimizi lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcək. Əsas dəyişiklikərin summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacağı nəzərdə tutulurdu. Belə ki, I siniflərdə summativ qiymətləndirmənin olmayacağı, II-III siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacağı barədə rəsmi fikirlər səsləndirildi.

Ən son təsdiq edilmiş qaydalara əsasən,  təhsil ocaqlarında KSQ  I sinif istisna olmaqla, digər siniflərdə bütün fənlər üzrə keçirilir. KSQ yarımil üzrə 3 dəfədən az, 6 dəfədən çox olmayaraq keçirilir. BSQ isə  I, II, III siniflərdə aparılmır. Bütün təhsil ocaqlarında IV, IX, XI siniflərdə hər yarımilin sonunda bütün fənlər, digər siniflərdə məktəblərdə yalnız buraxılış fənləri, lisey və gimnaziyaların V-VIII siniflərində buraxılış fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə də aparmaq olar". 

Təhsil ekspertinin sözlərinə görə, keçən müddət ərzində qaydalarda bəzi dəyişikliklər edilməsi zərurətə çevrilib və tam əminliklə demək olar ki, bu kimi dəyişikliklər çoxsaylı müəllim, valideyn və şagirdlər tərəfindən rəğbətlə qarşılanır və yəqin ki, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində son yenilik olmayacaq.

"Əvvəlki illərdən fərqli olaraq, Elm və Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərarlar qəbul ediləcək ki, qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyişikliklər aparılması təkcə müəllimlərin deyil, həmçinin şagirdlərin də dərs yükünü minimuma endirəcək, lazımsız kağızçılığa son qoyacaq. O ki, qaldı məktəblərdə Kiçik və Böyük Summativ Qiymətləndirmələrin (KSQ və BSQ) mərkəzləşdirilmiş qaydada Təhsil İnstitutu və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi təklifinə, bu məsələdə təəccüblü nəsə axtarmağa gərək yoxdur. Onsuz da yekun qiymətləndirməni - buraxılış və qəbul imtahanları DİM tərəfindən keçirilir. Hesab edirəm ki, hər hansı bir təklifə və ya proqnoza əsaslanan yenilik etməkdənsə, mövcud olanı təkmilləşdirmək daha məqsədəuyğundur. Əsas odur ki, müəllimin hesabatlılıq yükü azaldılsın, onun əsas vəzifəsi dərsin keyfiyyətinin yüksəldilməsinə yönəldilsin", - deyə Nadir İsrafilov vurğuladı.

Sevinc İBRAHİMZADƏ