Hesablama Palatası BDU-nun yataqxanaları ilə bağlı nöqsanlar aşkarladı

 13:25 06.09.2024     621

Bakı Dövlət Universitetinin (BDU) nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir.

Redaktor.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının BDU-da həyata keçirdiyi nəzarət tədbiri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditinin nəticələrinə dair hesabatda bildirilib.

Qeyd edilib ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil edib. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmamış, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib.

“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil etmiş, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1,0 manata qarşı 3,3 manat xərc çəkilib.