Kolleclərə maraq artıb, rekord göstəricilər əldə olunub - Ekspert səbəbi AÇIQLADI

 17:25 06.09.2024     587

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb. 

Bəs bu il kolleclərdə ən çox müraciət edilən ixtisaslar hansılar oldu?

Bu barədə təhsil eksperti Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, bu il orta ixtisas təhsil müəssisələrinə, yəni kolleclərə qəbul olmaq üçün təşkil olunmuş müsabiqə rəqabətliliyi ilə daha çox fərqləndi:

"Əvvəlcə onu deyək ki, son 2-3 ildə verilən qərara əsasən, subbakalavr təhsili alan, yəni kolleci bitirən şəxslər ÜOMG-yə görə oxuduğu ixtisasın uyğunluq dərəcəsi əsasında universitetlərin bakalavr səvyyəsinə imtahansız qəbul ola bilərlər. Praktikada görürük ki, bu qərar kolleclərə marağı birə beş artırdı. İndi, həqiqətən də, kolleclərə müraciət əvvəlki illərə nisbətdə çoxalıb. 

Ekspertin sözlərinə görə, kolleclərdə tibb istiqamətləri həmişə özünə xüsusi marağı ilə fərqlənib:

"Bura tibb bacısı (qardaşı) ixtisası, mamalıq işi, ortopedik-stomatologiya, masaj işi, gözdən əlillər üçün xidmət aiddir. Bunu da başa düşmək olar. Çünki Tibb Universitetinə daxil ola bilməyən, həkim olmaq istəyən şəxslər sonradan əsasən tibb bacısı və bu kimi işləri həyata keçirmək istəyirlər. Əmək bazarında da onlara ehtiyac var. Amma yerdə qalan digər ixtisaslar, demək olar ki, maraq çəkmir. Bu il biz bunun şahidi olduq. Həm tibb, həm də digər ixtisaslar böyük rəqabətlilik predmetinə çevrildi. Bunun da səbəbi odur ki, qiyabi ixtisasların 95 faizi yığışdırılmışdı, plan yerlərindəki ixtisasların böyük əksəriyyəti əyani əsaslar üçün idi. Bu da onunla əlaqəli idi ki, kolleclər artıq formal təhsilə deyil, yüksək ortalama bal göstəricisi verən və bununla da universitetə bilet zəmanəti verən təhsil üzərində qurulur. "Abituriyent jurnalı"nın 5-ci sayında da bunu asanlıqla görə bilərik ki, kolleclərdəki bütün ixtisaslar bakalavr uyğunluğu olanlardır".

Elmin Nuri vurğuladı ki, bütün kolleclərdə hər bir ixtisas üzrə xeyli bal artımı oldu:

"Bir neçə il əvvəl plan yerləri çox qalan özəl universitetlərin tabeliyindəki özəl kolleclər vardı ki, orada plan yerləri, demək olar, boş qalmadı. Ballar 15-in, 20-nin, hətta 30-un üzərinədək qalxa bildi. Hətta Biznes və Kooperasiya kollecində 90 baldan aşağı heç bir ixtisas olmadı. Bu, Odlar Yurdu və Bakı Avrasiya kollecləri üçün də keçərlidir. Dövlət universitetlərinin bazasında olan kolleclər haqqında danışmağa da dəyməz. Çünki onlarda keçid ballarının böyük əksəriyyəti 100+ oldu. 

Xüsusilə  iki istiqamət - tibb əsaslı ixtisasların keçid balı həddən artıq qalxdı. 130 bal kollec üçün yüksək baldır, 120-dən yuxarı bal toplayanlar belə tibb əsaslı ixtisaslara düşə bilmədilər, baxmayaraq ki, bizdə tibb əsaslı ixtisaslar bir neçə spesifik kollecdə tədris olunur. Bunlar 1 və 2 saylı Bakı tibb kollecləri, Əziz Əliyev adına Sumqayıt tibb kolleci, Quba tibb kolleci, Mingəçevir tibb kolleci, Şəki tibb kolleci, Lənkəran tibb kollecidir. Eyni zamanda bölgələrdəki kolleclərin də keçid balı da az qala 100-dən yuxarı idi". 

Təhsil eksperti qeyd etdi ki, ikinci ən çox müraciət olunan iqtisadiyyat profilli kollec ixtisasları oldu:

"Bunlara bank işi, vergi işi, sığorta işi, mühasibat uçotu və maliyyə işi aiddir. Xüsusən də bank işinin keçid balı həddindən artıq yuxarı oldu. İqtisad Universitetinin tabeliyində olan üç kollecdə bank işinin və digər iqtisadiyyat profilli ixtisasların keçid balı 150-yə qədər qalxdı. Bu isə kolleclər üçün rekord bir göstəricidir". 

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək. Kolleclərə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Sevinc İBRAHİMZADƏ