Bir müəllim, 40-dan çox şagird... - Nazirliyin icazəsi var?

 16:38 09.09.2024     302

Məktəblərdə şagirdlərin sayı hər il müzakirə olunan mövzulardan biridir. Çox vaxt valideynlər 40-dan çox şagirdin eyni sinifdə dərs aldığından şikayətlənirlər. Çünki bu halda bir nəfər müəllimin 40 nəfər şagirdə informasiyanı eyni cür ötürməsi çətinləşir. 

Elm və Təhsil Nazirliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ümumi təhsil müəssisələrində siniflərdə şagirdlərin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” ilə müəyyənləşdirilir:

"Həmin normaların 5-ci bəndinə əsasən, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Lakin ümumtəhsil məktəbində sinif otağı və kadr çatışmazlığı səbəbindən ikinci paralel sinifin təşkili mümkün olmadıqda mövcud şagird sayı ilə sinif komplektləşdirilə bilər".

Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Süleymanov saytımıza açıqlamasında dedi ki, məktəblərdə şagird çoxluğu ilə yanaşı, şagird azlığı problemi də var:

"Azərbaycanda mövcud olan 4 mindən artıq məktəblərdə şagird sıxlığı olan məktəblər 5 faizi keçməz. Əsasən Bakı, Abşeron, Xırdalan ərazisində şagird sıxlığı mövcuddur. Bununla əlaqədar hər il bir neçə məktəb tikilir və tikiləcək. Regionlarda isə şagird çoxluğu deyil, əksinə azlığı müşahidə olunur. Buna görə də komplektləşdirmə prioritetdir. Bəzən müəyyən bir ərazidə sadəcə yeni məktəb varsa, ikinci məktəbin tikintisi də 2-3 ilə gözlənilirsə, bu zaman müəyyən qədər problem yaşanması zərurətdir".

Ekspert qeyd etdi ki, 30-dan çox şagird olan siniflərdə təhsilin keyfiyyətini artırmaq müəllimin peşəkarlığına qalıb. Onun sözlərinə görə, belə siniflərdə şagirdlərlə qrup işi görmək müəyyən qədər effektiv ola bilər:

"Ancaq çalışılmalıdır ki, say çox olmasın. Çünki səs-küy və s. təhsilin keyfiyyətinə mənfi təsir göstərir".

Sevinc İBRAHİMZADƏ