Göyçayda məktəbin təmirinə ayrılan vəsait talan edilib - Otaqlara kombi əvəzinə odun sobası qoyulacaq

 13:32 10.09.2024     298

Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbi ilə bağlı Redaktor.az-ın elektron ünvanına şikayət daxil olub. Kəndin sakini Rəvan Məmmədov bildirib ki, bəzi vəzifəli şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin vəsaiti əyri yollarla talan edilir.

"Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbin binasının təmir edilməsi üçün mən dəfələrlə Prezident İlham Əliyevə müraciətlər etmişəm. Bundan sonra cənab Prezidentin göstərişi ilə nümayəndələr sözügedən yerdə olub, baxış keçiriblər. Məktəbin əsaslı təmir edilməsi başlanılıb və son tamamlama işləri gedəndə mənə məlum olub ki, əsaslı təmir olunmuş məktəbdə kombi qızdırıcı sistemi yox, odun sobasından istifadə ediləcək", - deyən şikayətçinin sözlərinə görə, Çərəcə kənd tam orta məktəbinin təmirinə ayrılmış vəsait düzgün istifadə edilmədən mənimsənilib:

"Bu isə açıq-açkar qanunsuzluq və biabırçılıqdr ki, vəzifəli şəxslər həyata keçirirlər. Çünki hər bir yerdə orta məktəb binası inşa ediləndə və ya əsaslı təmir olunanda ora kombi istilik sistemi quraşdırılır. Vəsaitin düzgün istifadə olunmamasının fəsadlarını müəllim və şagirdlər çəkəcəklər. Təsəvvür edin, yeni təmir edilmiş məktəbin siniflərində soyuqda odun sobasının hisi, tüstüsü otaqları yararsız hala salacaq, normal temperatur əldə etmək mümkün olmayacaq".

Rəvan Məmmədov xahiş edir ki, Göyçay rayon Çərəcə kənd tam orta məktəbin əsaslı təmirinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini obyektiv araşdırıb qanuni tədbirlər görülməsinə tapşırıq verilsin.

Qeyd edək ki, şikayət üzrə ötən həftədən Elm və Təhsil Nazirliyinə sorğu göndərsək də, lakin məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Sevinc İBRAHİMZADƏ

222