"Ölkədə əmək bazarı öyrənilmir" - Ekspertdən AÇIQLAMA

 17:35 10.09.2024     443

Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır. 

Bəs ölkəmizdə ən çox tələbat olan peşə ixtisasları hansılardır?

Bu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında danışdı. 

O bildirdi ki, 2018-ci ildən bəri peşə təhsilində həm məzmun, həm də keyfiyyət baxımından müəyyən dəyişikliklər olub.

"Çatışmayan cəhətlər çoxdur, amma istənilən halda ölkədə Peşə Təhsili üzrə Agentliyinin rəhbərliyi altında peşə təlim mərkəzlərinin yaradılması, peşə liseylərinin ixtisaslaşması, sahibkarlarla, işəgötürənlərlə, ayrı-ayrı müəssisələrlə müqavilələrin bağlanması kimi müsbət addımlar atılıb. Amma hansı peşələrə ölkədə tələbatın çox olmasını biz tam söyləyə bilmirik, çünki ölkədə əmək bazarı öyrənilmir. Prezidentin sərəncamına əsasən, əmək bazarının öyrənilməsi ilə bağlı 2 tədqiqat institutu yaradılmalı idi, ancaq hələ yaradılmayıb. Heç ali və ya orta ixtisas, peşə təhsil müəssisələrinin hansı meyarlara uyğun hansı peşələrə kadr hazırlamaları da məlum deyil", - deyə Elşən Qafarov əlavə etdi.

Sevinc İBRAHİMZADƏ