"Azərbaycan dili indi reanimasiya vəziyyətindədir" - Seyran Səxavət

 14:55 13.09.2024     1060

Türk Dünyası Ortaq Əlifba Komissiyası ortaq türk əlifbasının 34 hərfdən ibarət olmasına qərar verib. Belə ki, bəzi türk xalqlarında hansısa səs yoxdursa, onun işarəsi əlifbaya daxil edilməyəcək. Amma hansı səs varsa, onun işarəsi bütün türk xalqlarında eyni olacaq.

Bəs ortaq türk əlifbasının yaradılması ilə ortaq türk dilini də yaratmaq mümkün olacaqmı?

Bu barədə tanınmış yazıçı, tərcüməçi Seyran Səxavət Redaktor.az-a açıqlamasında bildirdi ki, bir neçə il bundan əvvəl də ortaq tük dili problemi meydana gəlmişdi:

"Ortaq türk dilinin meydana gəlməsi üçün gərək ortaq türk əlifbası olaydı, çünki bu, heç bir arzu və ya sərəncamla başa gələn iş deyil. Mən o vaxtdan bu addımı dəstəkləmişəm. Demişəm ki, ortaq türk əlifbasının və o əlifbanın əsasında yaranacaq ortaq türk dilinin ayaq tutub yeriməsi üçün bütün türkdilii dövlətlərin münasibəti ortaq olmalıdır. Tutaq ki, türkdilli dövlətlərdən birində hər hansısa hadisə baş verirsə, gediş-gəliş, ünsiyyət yaranırsa, bunlar ortaq türk dilinin yaranmasına təkan verəcək". 

Nasirin sözlərinə görə, bu sevindirici hal olsa da, böyük zəhmət və diqqət tələb edir:

"Necə olur ki, bütün dünya ingiliscə danışa bilir? Hindistanda belə ingiliscə danışılır. Baxmayaraq ki, orada 148 dildə danışırlar, amma əsas ünsiyyət dili ingilis dilidir. Türkdilli xalqlar bunu niyə edə bilmir? Hətta üstünlükləri də var ki, dillərinin kökü birdir. Altay türkləri, qırğızlar, qazaxlar, tatarlar və s. hamısı bir kökdəndir. Azərbaycanda bizim işimiz ikiqat ağır olacaq. Digər türkdilli xalqları deyə bilmərəm".

Seyran Səxavət qeyd etdi ki, cümlə qurmaq dövlət qurmaq qədər çətin bir işdir:

"Biz ümumi türk əlifbasına dilimizin hansı vəziyyətində gedirik? Azərbaycan dili indi reanimasiya vəziyyətindədir. Bu vəziyyətdə bizdən ikiqat zəhmət tələb olunur ki, ümumi türk əlifbasının dünyaya gətirəcəyi ümumi türk dilində danışaq. Məsələn, bütün türkdilli dövlətlərin problemi eyni olmalıdır, sevinci bir olmalıdır. Bunlar adamları birləşdirir. Bu əlifba uzaqdan-uzağa bəhrə verməyəcək. Gərək türkdilli ölkələr bir-biriləri ilə ünsiyyətdə olsun. Ümid edirik ki, ortaq əlifba həm də birləşdirici rol oynayacaq. Mən də bu yolda əlimdən gələn hər şeyi əsirgəmədən edəcəyəm". 

Sevinc İBRAHİMZADƏ