"Biz “oxutmuram əl çəkin” deyən xalqın dördüncü nəsil varisləriyik" - Pərviz Kazimi

 13:22 16.09.2024     993

Redaktor.az Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə müsahibəni təqdim edir:

- Pərviz müəllim son müsahibəmizdə elmi fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar maraqlı fikirlər irəli sürmüşdüniz, sosial mediyada son günlər gedən müzakirələr fonunda bu barədə bir qədər geniş məlimar verə bilərsiniz?

- Elmi fəaliyyətin qiymətləndirilməsi mürəkkəb prosesdir. Son yüz ildə elmin qiymətləndirməsində əsasən nəticələrin tətbiqi dərəcəsi, yəni elmi nailiyyətin materiallaşması əsas götürülüb. XXI əsrin əvvəllərindən başlayaraq elmin qloballaşması nəticəsində qlobal informasiya məkanında bir sıra qiymətləndirmə üsulları tətbiq olunmaqdadır. Dünyada qloballaşmanın texnolojı əsasını internet qoydusa da, onun məzmun əsasını təşkil edən elmi fikir və informasiya məhsullarının geniş əlçatanlığı oldu. Son iyirmi ildə elmi fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar bir sıra standartlar müəyyənləşdirilmişdir ki, Azərbaycanda da tədricən tətbiq olunmağa başlanmışdır. Nəticədə Azərbaycan alimlərinin dünya miqyaslı nüfuzunu görmək, qiymətləndirmənin nəticələrini müqayisə etmək, reytinq cədvəllərində yerimizi müəyyənləşdirmək mümkündir. Elmi fəaliyyətin qiymətləndirilməsi ilə məşgul olan sahəyə “elmmetriya” deyilir və nisbətən gənc sahədir.

Alimlər əsasən mühafizəkar təbiətli olurlar və həqiqi qiymətləndirmə akademik dairələrdə baş verir. Məsələn, bir mikrabialogiya sahəsində çalışan alimin elmi nüfuzu o sahənin mütəxəssisləri tərəfindən müəyyənləşdirilir. Elmi məqalələri və monoqrafiyalarına edilən istinadlar, elmi nəticələrin tətbiqi və bu kimi faktorlardan asılıdır. Mətbuatın hər gün reklam etməsi ilə alim tanınar, lakin onun elmi nüfuzu artmaz. Əlbətdə ki, mediya akademik dairələrdə nüfuzlu, tanınmış alimlərimiz haqqında ictimaiyyəti mütəmadi tanış etməlidir və bunu milli-mədəni siyasət olaraq etməlidir. Azərbaycan alimlərinin elmi uğurları mətbuatda işıqlandırılmalıdır.

Tətbiqi sahələrdə çalışan alimlər daha geniş auidoriyaya təqdim olunur. Sosial-humanitar sahələrin tətbiqi imkanları nisbətən məhduddur. Lakin alimin universitetlərdə tədris prosesində iştirakı da elmi biliklərin tətbiqi hesab edilir.

- Pərviz müəllim, həqiqətən də nazirin müşaviri professordan artıq maaş alır?

- Sualınızı anlayıram, bu düzgün yanaşma deyil. Nazirin müşaviri dövlət qulluğudur və aldığı əməkhaqqı qaneedici olmazsa, tutduğu vəzifədən sui-istifadə edəcək. Dövlət qulluqçusuna dövlətin idarəetmə sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Əgər o müşavir abituriyent hazırlığı ilə məşğul deyilsə, bir alimin aylıq gəlirindən artıq qazana bilməz. Nəzərə alsanız ki, alim konkret bir elm sahəsində elmi dərəcə almış şəxsdir və dar ayaqda abituriyent hazırlayaraq maliyə durumunu yaxşılaşdıra bilir. Əmək bazarında da rəqabət edə bilir və kiçik əməkhaqqı ilə işləmək məcburiyyətində deyil.

Alim olmaq fərqli kateqoriyadır. Dünyada çox sayda alimlik dərəcələri özünü təsdiq olaraq müdafiə edilir. Alimlik dərəcəsi almış çox sayda gənclər sahəsinin tətbiqinə yönəlir və daha artıq gəlir əldə etməyə üstünlük verir. Elmi fəaliyyəti davam etdirənlər bilirlər ki, burada çox qazanc əldə edə bilməyəcəklər. Ancaq bu o demək deyil ki, elmi fəaliyyətlə məşğul olanlar acizdirlər. Bu bir missiyadır, alimlik missiyası.

Bir çoxları elmi dərəcə almadan da elmi fəaliyyətlə məşğul olur. 14 iyun 2016-cı il № 271-VQ Elm haqqında Azərbaycan Resbublkasının qanununun 1.0.9. maddəsində “elmi fəaliyyət” – “elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi” kimi şərh edilir.

- Deməli siz hesab edirsiniz ki, Azərbaycanda elmin inkişaf səviyyəsi qaneedicidir?

- Mətbuatda gedən bir çox yazılarda  bəzən unudur ki, biz “oxutmuram əl çəkin” deyən xalqın dördüncü nəsil varisləriyik. Mərhum Mirzə Ələkbər Sabir bu misraları yazanda dünyada elm xeyli inkişaf etmişdi. Yaxın tarximizi unutmadan və müasir vəziyyətimizi düzgün qiymətləndirəriksə, o zaman xeyli inkişaf etdiyimizi görərik. Azərbaycanın Milli “H” indeksi reytinqinə diqqət yetirdikdə real mənzərə üzə çıxır. Bu göstəricilərə görə bir çox ölkədən irəlidəyik və bir sıra ölkələrdən də geridəyik. Xüsusilə də təbiət elmləri, tətbiqi sahələrdə alimlərimizin göstəriciləri çox yüksəkdir.

Sosial-humanitar sahələrdə göstəricilərimiz ürəkaçan deyil. Bir sıra mütəxəssislər hesab edir ki, humanitar sahhələrin tətbiqi olmadığından bu sahələrdə uğurlarımız azdır. Düşünürəm ki, bu yanlış yanaşmadır.

Akademik platformalarda ədəbiyyat, tarix, sənətşunaslıq, musiqişunaslıq və bir çox sosial-humanitar sahələrə dair yüksək reytinqli alimlər var və onların əsərləri minlərlə istinad toplayır. Sosial-humanitar sahədə dünyanın nüfuzlu universitetlərində çalışan Azərbaycan alımləri də az deyil. Zənnimcə bizim bəzi mütəxəssislərin əsas problemi öz sahələrində nüfuzlu elmi mərkəzləri, elmi jurnalları tanımaması və beynəlxalq əməkdaşlıqdan kənarda qalmalarıdır.

- Bu yaxınlarlarda Azərbaycandan kənarda yaşayan və fəaliyyət göstərən alimlərimizlə keçirilən görüş haqqında nə deyə bilərsiz?

- Çox sevindirici haldır. Düşünürəm ki, bu kimi tədbirləri mütəmadi etmək faydalı ola bilər. Ancaq nə üçün bu görüşlərə Azərbaycanda çalışan alimlər dəvət olunmur, anlamaq çətindir. Bizim də onlarla tanış olmaq, əlaqələr yaratmaq, əməkdaşlıqlar etmək kimi imkanlarımız yarana bilərdi. Elmin imkişafında əməkdaşlıqların genişliyi əhəmiyyətli faktordur.

- Azərbaycanda əldə edilən elmi dərəcələr və elmi adlar beynəlxalq standartlara uyğundur?

- Azərbaycanda elmi dərəcələr və elmi adların verilməsi Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilir və mürəkkəb proseslərin nəticəsi olaraq əldə edilir. Elmi dərəcələrin alınması prosesi mürəkkəb olsa da, ona doğru gedən yol aydındır və mövcuddur. Prosesin mürəkkəbliyi elmi tədqiqatların ciddiyyətini və dərinliyini təmin etmir. Elmi adların verilməsi yalnız konkret vəzifələrin tutulması ilə əldə olunur. Bir sözlə bizim standartlar fərqlidir. AAK-ın əsasnaməsində irəli sürülən qaydalar bu istiqamətdə dövlət siyasətini ifadə etdiyinə görə ona dövlət maraqları çərçivəsində baxmaq lazımdır. Bu ayrıca bir müzakirənin obyektidir.

Turan İSMAYIL