Müəllimlərə verilən gül buketləri bu hədiyyələrlə əvəzlənməlidir - Maraqlı TƏKLİF

 12:54 18.09.2024     7767

"İsrafçılıq etməmək üçün gülləri başqa hədiyyə ilə əvəzləmək olar".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev dərs ilinin başlanması münasibətilə birinci sinif şagirdlərin müəllimlərə verdiyi gül buketləri və onların zibil qablarına atılması ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, maddi və emosional dəyərləri nəzərə almaq vacibdir:

"15 sentyabr Bilik Günü valideynlər övladlarının müəllimlərinə buket gətirir. Bu günü illərdir valideynlər gözlədiyi üçün xüsusi qeyd etmək istəyir. Bu anı qeyd etməyin valideynlər üçün emosional dəyəri var. Buna görə də valideynlər bir gün ərzində eyni müəllimə 15, 20 bəzən 30 buket gətirir. Maddi tərəfdən baxdıqda güllər alınır, tez də solur. Müəllim də bir-iki gündən sonra həmin güllər solduğu üçün zibil qutusuna atır. Maddi sərmayəyə qənaət edilmir. İsrafçılığı azaltmaq üçün gülləri qalıcı dibçək gülləri ilə, əşyalarla da əvəz etmək olar. Bu zaman sinif otaqları güllərlə zənginləşər, təravətli olar, yaşıllaşar, gözəlləşər. Bu məsələ həssas məsələdir. Məsələyə birtərəfli baxmaq olmaz. Bu məsələyə ədalətli yanaşmaq üçün maddi və emosional dəyərləri nəzərə almaq vacibdir".

Ekspert qeyd etdi ki, belə olduğu halda uşaqların maariflənməsi baş verə bilir.

"Buket güllərin yerinə bitkiyə qulluq üçün bağçılıq dəstləri, ekologiya ilə bağlı materiallar, təhsil üçün faydalı ola biləcək digər əşyalar hədiyyə edilsə daha yaxşı olar. Bu alternativlərin tətbiqi həm şagirdlərə, həm valideynlərə, həm müəllimlərə, həm də sinif otaqlarına praktiki fayda təmin etmiş olar. Yenilikçi direktorun və ya yaradıcı sinif rəhbərlərinin valideynlərə bir faydalı mesajı kifayət edər ki, köhnə israfçı ənənəni formasını yeni və faydalı ənənəyə çevirə bilsin. Əminəm ki, bizim məktəb direktorları və sinif rəhbərləri arasında bu mesajın faydasını bilən çoxlu sayda həmkarımız var. Sadəcə ənənənin başlanğıcını qoymaq lazımdır. Yaxşı əməllər də sirayətedicidir. Məktəblərdə balalarımızın oturduğu sinif otaqlarını gözəlləşdirmə, yaşıllaşdırma naminə bu ənənəni başlamağa dəyər", - deyə Elnur Hacıyev bildirdi.

Türkan İSGƏNDƏRLİ