Müəllimlərə dövlət qulluqçusu statusu veriləcək? - AÇIQLAMA

 17:10 18.09.2024     7287

2011-ci ildə Azərbaycanda bütün müəllimlərə dövlət qulluqçusu statusunun şamil edilməsi ilə bağlı qanun qəbul edilsə də, çox qısa müddət ərzində bu ləğv olundu. Bəs indi sözügedən qərar qəbul edilə bilərmi? Edilərsə, müəllimlərə hansı güzəştlər edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu, hazırkı məqamda asan bir məsələ deyil.

"Hesab edirəm ki, bu barədə qərar dövlət qurumlarının rəyi nəzərə alındıqdan sonra baxıla bilər. Yəni bu, sadə bir məsələ deyil. Ölkəmizdə böyük sayda müəllim ordusu var. Yəni söhbət 10 minlərlə insandan gedir və birdən-birə bunların hamısına dövlət qulluqçusu statusu vermək mümkündürmü və verilərsə, buna vəsait hansı formada olacaq? Mən düşünürəm ki, bu məsələdə dünya təcrübəsini də nəzərə almaq lazımdır və hazırkı məqamda asan bir məsələ deyil. Yəni bu, eyni zamanda kifayət qədər böyük maliyyə tələb edən, çoxlu pul tələb edən bir məsələdir və bu dövrdə dövlətimiz üçün o qədər asan və sadə məsələ deyil".

Deputat Ceyhun Məmmədov HESABAT VERDİ-FOTOLAR » Newscenter.az

Deputatın sözlərinə görə, hazırda müəllimlərə güzəşt olaraq, maaşları artırıla bilər.

"Hazırkı dönəmdə sadəcə biz müəllimlərin maaşlarına baxa bilərik və onların maaşı müəyyən mənada artırıla bilər. Amma dövlət qulluğu məsələsinə hazırkı xərclərin artdığı bir dönəmdə çoxlu vəsait lazımdır və bu vəsaiti əldə etmək və təmin etmək elə asan məsələ deyil. Ona görə burada biz ciddi düşünməliyik və məsələni çox ciddi təhlil etməliyik. Ondan sonra hansısa bir qərar qəbul edə bilərik. Bu, ciddi düşünmə və araşdırma tələb edən bir məsələdir. Uyğun variant ondan ibarətdir ki, biz bu məsələyə yanaşmada bu mövqeni sərgiyə bilərik ki, maaş mərhələli şəkildə artırılsın. Əgər gələcəkdə buna imkan, şərait olarsa, elə bir imkan yaranarsa, o zaman bu məsələyə yenidən baxıla bilər. Burada mütləq dövlət qurumlarının təhlilinə, mövqeyinə və yanaşmasına ehtiyac var", - deyə C.Məmmədov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ