8-ci sinif dərsliyi sanki 2-ci sinif şagirdi üçün yazılıb - Ekspertdən ETİRAZ

 14:22 19.09.2024     892

"8-ci sinifin "Həyat bilgisi"ndə iqtisadiyyat bölməsi var. Maraqlı gəldiyi üçün baxdım ki, görək nəyi əhatə edir. Əvvəla şagird üçün ilkin iqtisadi bilik baxımından doğru sahələr seçilməmişdi. Seçilən mövzular isə çox sistemsiz, hər şey bir-birinə qarışıq, dolaşıq ifadələrlə verilmişdir".

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov özünün feysbuk hesabında yazıb.

"Bəzən o qədər bəsit fikirlər yazılıb ki, sanki 2-c sinif şağirdi üçün yazılıb. Amma elə cümlələr də var ki, çətin ki, orta statistik ali məktəb tələbəsi bunu oxuyub anlaya bilsin. Bəs həyat bilgisi müəllimi özü onu necə anlasın ki, hələ 8-ci sinifdə oxuyan uşağa izah da edə bilsin. Əksər iqtisadi terminlərin izahı verilmədən cümlələrdə bu terminlər işlədilmişdir. Yazıq müəllim neynəsin? Hələ şağirdi demirəm" - deyən ekspert hesab edir ki, iqtisadiyyatdan mövzu seçəndə bu qədər qatıb qarışdırmaq olmaz:

"Bütün şagirlərin ən ehtiyac duyduğu istiqamət pulun idarə edilməsidir. Həkimə də, müəllimə də, mühəndisə də, traktorçuya bu lazım olur. Orta məktəblərdə ilk növbədə bunu öyrətmək lazımdir.

Ümumiyyətlə, orta məktəb proqramlarına ciddi əl gəzdirmək lazımdır. Bəzi prodemetlərin əlavə edilməsi, bəzilərinin çıxarılması və ya saatının azaldılmasına ehtyac var.

Orta məktəb proqramının detallarının mükəmməl olması üçün bir sahənin mütəxəssislərinin bilik və bacarıqları yetərli ola bilməz. Mükəmməl nəticə üçün təhsil üzrə, hüquq üzrə, iqtisadiyyat üzrə, idman üzrə, tibb üzrə peşəkarların birgə müzakirəsinə gərək var. Fiziki və zehni yük amili, lazımsız mənəvi köhnəlmiş mövzuların dərslikdə qalma faktoru, gələcəklə uzlaşacaq adekvat mövzuların və predmetləri seçilməsi məsələsi və s. kimi məsələr bu gün üçün vacib müzakirə mövzusu olmalıdır".

Redaktor.az