"İstənilən kütləvi imtahanlarda suallar peşəkar müəllimlər tərəfindən hazırlanmalıdır" - Ekspert

 17:27 19.09.2024     98

Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarının müsahibə mərhələsində bir çox hallarda yaşlı müəllimləri test edənlər cavan komissiya üzvləri olur. Bir çox müəllimlər, eləcə də başqaları hesab edirlər ki, 25 yaşında bir komissiya üzvünün 50-60 yaşında bir müəllimi sual-cavab etməsi etik sayılmır.

Bu barədə təhsil eksperti Cahid İmanov Redaktor.az-a açıqlamasında bildirdi ki, belə müzakirələr hər il baş verir. Onun sözlərinə görə, imtahan sualları çətin olanda etirazlar daha da çoxalır:

"İlk növbədə qeyd edim ki, bəzən etirazların bir qismi haqlı olur. İstənilən kütləvi imtahanlarda suallar peşəkar müəllimlər tərəfindən hazırlanmalı, dərsliyə uyğun olmalı, çətinlik dərəcəsi gözlənilməli, mübahisəli suallar qətiyyən olmamalıdır. Eləcə də ayrı-ayrı fənlər üzrə də sualların çətinlik dərəcəsi nəzərə alınmalıdır. Tutaq ki, sonuncu sertifikasiyada ana dili, riyaziyyat və ingilis dili suallarının çətinlik dərəcəsinin eyni olmaması müəllimlərn narazılığına səbəb oldu. Bu məsələlərdə müəllimlərə haqq vermək olar".

Cahid İmanov. 0507200270

Ekspert qeyd etdi ki, yaşlı müəllimlərin etirazlarını əsaslandırmaq olmur:

"Belə ki, Elm və Təhsil Nazirliyi 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyaya cəlb olunmasını könüllü edib, istəməyən iştirak etməyə bilər. Digər tərəfdən müəllim daim öz üzərində işləməlidir. Hazırda qloballaşan cəmiyyətimizdə inkişaf sürətlə gedir, yeni yanaşmalar ortaya çıxır, informasiyanın əlçatanlığı həddən artıq çoxalıb. Müəllim də belə şəraitə uyğunlaşmalıdır. "Yaşlıyam" deyib, imtahanlardan imtina etmək əvəzinə müəllimlər onlar üçün təlimlər təşkil edilməsini tələb etməlidirlər ki, istər elmi, istər də metodiki yenilikləri öyrənsinlər".

Sevinc İBRAHİMZADƏ