Kişilər niyə müəllim olmaq istəmir?

 17:57 19.09.2024     342

Son illər məktəblərdə kişi müəllimlərin sayı xeyli azalıb. Ötən ilin statistik rəqəmlərinə görə, paytaxt Bakıda fəaliyyət göstərən 33 min 312 müəllimdən 2590 nəfəri kişi, 30 min 722 nəfəri isə qadın müəllimlərdir.

Bəs nə üçün kişi müəllimlər bu sahədəki fəaliyyətlərini davam etdirməkdə maraqlı deyillər?

Bu barədə təhsil eksperti Adil Vəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, buna əsas səbəb kimi əvvəlki illərdə müəllim maaşlarının az olması idi:

"Daha sonra müəllimlərin işə qəbul imtahanı, sertifikasiyanın olması maaş probleminin aradan qalxmasına səbəb oldu. Ancaq bundan başqa kişi ailə başçısı hesab olunduğu üçün ona verilən müəllim maaşı çox deyil. Kişilər adətən səhər saat 9-dan axşam 5-ə, 6-dək məktəbdən kənara çıxa bilmirlər və bu səbəbdən əlavə işdə də çalışa bilmirlər. Ona görə də kişi müəllimlər əsasən kurslara, özəl müəsssisələrə müraciət edirlər. Çünki orada saatlıq dərslərini keçdikdən sonra digər işləri ilə də məşğul ola bilirlər və bu onlara imkan verir ki, bir neçə təhsil müəssisəsində öz fəaliyyətini davam etdirsin və daha çox pul qazana bilsin".

Ekspert qeyd etdi ki, son bir neçə ildə müəllimlik ixtisasını seçən oğlan tələbələrin də sayı kifayət qədər azalıb. Onlar düşünürlər ki, bunun yerinə həmin qrupda olan digər ixtisasları seçsələr, daha çox iş imkanı əldə edərlər və əmək bazarı da bunu tələb etdiyi üçün müəllimlik ixtisasına deyil, fərqli ixtisaslara yönəlirlər.

Sevinc İBRAHİMZADƏ