Məktəb bufetləri necə təchiz edilməlidir?

 17:51 19.09.2024     228

Məktəblərdə fəaliyyət göstərən bufetlərin sanitar qaydalara uyğun olması valideynləri ən çox narahat edən məsələlərdəndir. Bu səbəbdən bir çox valideyn övladını məktəbə yola salarkən ona evdə hazırlanmış qidalar qoyur. Amma istənilən halda şagirdlər məktəbdəki bufet və yeməkxanalardan istifadə etməyə məcbur qala bilir.

Bəs məktəblərdəki bufetlər və yeməkxanalar necə təchiz edilməlidir?

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Redaktor.az-a bildirildi ki, bufetlərin girişində, dəhlizdə və ya zalın bilavasitə yaxınlığında əlüzyuyanlar yerləşdirilməlidir. Daimi isti və soyuq su ilə təmin edilməli, həmçinin əlüzyuyanın yaxınlığında yuyucu maddələr və gigiyenik cəhətdən uyğun olan qurutma vasitələri yerləşdirilməlidir:

"Qida məhsullarının emal sahələrinin səthləri, xüsusilə də qida ilə təmasda olan səthlər təmirli vəziyyətdə olmalı, asan təmizlənməli və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə qurulmalıdır. Həmçinin qida məhsulları ilə işlənən alət və avadanlıqlar karroziyaya davamlı materiallardan hazırlanmalıdır. Əlüzyuyanlarla bərabər, bufetlər qida məhsullarının yuyulması üçün də ayrıca yuma çanağı ilə təmin edilməlidir. Qida blokunda çalışan şəxslər gigiyena qaydalarına ciddi riayət etməli, təmiz, münasib geyimdən, xalat, saç toru və ya örtüyü, eləcə də əlcəkdən istifadə etməlidir.

Qida blokunda çalışan şəxslər işə başlamazdan əvvəl, eləcə də iş prosesinin müvafiq mərhələlərində əllərini sabunla təmiz yumalıdırlar. Qida blokunda yalnız tibbi müayinədən keçmiş, sağlamlıq haqqında arayış təqdim edən, həmçinin gigiyenik cəhətdən hazırlıqlı olan şəxslərin işləməsinə yol verilir. Qida blokunda ərzaqların və tullantıların saxlanmasına da ciddi şəkildə riayət edilməli, həşəratların və gəmiricilərə qarşı mübarizə tədbirlləri həyata keçirilməlidir. İş prosesi zaman əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə toplanaraq tullantılar üçün ayrıca ayrılmış qablara toplanmalı və gündəlik olaraq kənarlaşdırılmalıdır".

Sevinc İBRAHİMZADƏ