"Bu stereotip kişi müəllimlərin məktəbə cəlb olunmasına mane olur" - Ekspert
Məktəblərdə ənənəvi olaraq kişi müəllimlər az, qadın müəllimlər isə çoxluq təşkil edirlər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Ümumiyyətlə, son illərdə təkcə kişi müəllimlərin deyil, eləcə də müəllimlik ixtisasına yönələn oğlan tələbələrin də sayı azalıb. Maraqlıdır, bəs nə üçün kişilər məktəblərdə müəllim kimi işləmək istəmirlər?
Bu barədə Redaktor.az-a danışan təhsil eksperti Elnur Hacıyev bildirdi ki, məktəblərdə kişi müəllimlərin sayının azlığının müxtəlif səbəbləri ola bilər. Ən önəmli səbəblərdən biri isə maaş azlığıdır:
"Orta məktəblərdə işləyən müəllimlərin maaşları digər bir çox peşələrlə müqayisədə nisbətən aşağıdır. Cəmiyyətin bəzi hissələrində ailənin əsas təminatçısı kişi olduğu üçün onlar daha yüksək gəlir gətirən peşələrdə işləmək məcburiyyətində qalırlar. Azərbaycan cəmiyyətində müəyyən stereotiplər mövcuddur. Müəllimlik qadınlara məxsus bir peşə kimi qəbul edildiyindən bu stereotip kişi müəllimlərin məktəbə cəlb olunmasına mane olur".
Ekspert qeyd etdi ki, kişilər təhsil sektorundan kənarda da karyera qura bilirlər:
"Kişilər mühəndislik, tikinti, memar və s. kimi işləri görmə gücünə malikdir. Kişi müəllimlərin məktəbdəki idarəetmə və tərbiyə işləri ilə məşğul olmaqları da onların məktəbdə işləməsinə çətinlik yaradır.
Daha çox kişi müəllimlərini məktəbə cəlb etmək üçün təhsil sahəsində maaşları artırmaq, iş şəraitini yaxşılaşdırmaq və cəmiyyətdəki stereotipləri dəyişmək lazımdır, bu hal kişi müəllimlərin orta məktəblərdə sayının artımına gətirib çıxara bilər".
Sevinc İBRAHİMZADƏ