Müəllimin şagirdlərə çöldə dərs keçmək hüququ var? - AÇIQLAMA

 16:01 20.09.2024     4244

"Müəllimin vəzifəsi bilik vermək, maarifləndirmək, onların təhlükəsizliyini təmin etməkdir, dərsdən yayındırmaq deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu İmişlinin Aranlı kəndində məktəb açılmadığına görə şagirdlərə çöldə dərs keçən ibtidai sinif müəllimi Leyla Nəcəfquluyevanın işdən çıxarılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, adıçəkilən müəllim öz mənafeyini üstün tutur:

"Burada əslində Leyla Nəcəfquliyevanın hərəkəti şagirdi təhsildən yayındırmaqdır, xüsusən də bunu "TikTok"da canlı yayım şəklində paylaşması heç düzgün deyil. Yəni artıq bu o deməkdir ki, müəllim öz öhdəliyindən xəbərsizdir. Üstəlik bu məsuliyyətsizlik və peşə davranışına uyğun olmayan hərəkət hesab olunmalıdır. Həm də burada şagird hüquqları pozulur, onların sağlam təhsildən yayındırılmasını görə bilirik. Müəllimin vəzifəsi bilik vermək, maarifləndirmək, onların təhlükəsizliyini təmin etməkdir. Ancaq sözügedən şəxs şagirdləri təhsildən yayındırmaqla, sosial şəbəkədə öz şəxsi mənafeyinə görə uşaqlardan istifadə etməklə məşğuldur. Biz bu nöqteyi nəzərdən görürük ki, burada müəllim öz şəxsi mənafeyini daha çox üstün tutur".

Təhsil eksperti hesab edir ki, həmin müəllimin işdən çıxarılması yerində verilmiş qərardır:

""Təhsil haqqında" qanunda da bu özünü göstərir, yəni müəllimin vəzifəsini göstərir. Müəllim bu hallarda məsuliyyətli olmalıdır. Amma bu pozulduğuna görə, yəni şagird sağlam və təhlükəsiz şəraitdə tədris almadığına görə onun işinə xitam verilir. Əmək müqaviləsinin 70-ci bəndinə uyğun olaraq buradakı vəzifə öhdəliklərinin pozulmasına görə qanunvericiliklə o azad edilir. Bu da normal haldır".

Türkan İSGƏNDƏRLİ