İmişlidəki qalmaqallı məktəb dərs günü niyə açılmayıb?

 16:34 20.09.2024     472

Məktəb açılmadığına görə etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquluyevanın işdən çıxarılması aktual mövzu olaraq qalır. Burada əsas məqamlardan biri isə dərs ilinin başlanmasına baxmayaraq, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin təmirinin hələ də bitməməsidir.

Bəs bu, müəllimin etirazına haqq qazandırırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, məktəbin tikintisinin gecikməsinin yerli icra hakimiyyəti orqanlarına aidiyyəti yoxdur.

"Məktəb tikintisini həyata keçirən qurum Elm və Təhsil Nazirliyidir. Müəllimin ifadəsindən elə çıxır ki, guya Elm və Təhsil Nazirliyi məktəbin tez istifadəyə verilməsində maraqlı deyil. Əksinə nazirlik istəyir ki, şagirdlər və müəllimlər yeni, keyfiyyətli, müasir məktəblərdə tədrisi həyata keçirsin. Ümumiyyətlə tikinti işləri plan üzrə gedir. Buna görə gecikə bilməz. Əgər problem yaranarsa, gecikmə baş verərsə, etirazı başqa üsulla etmək olar. Əlbəttə ki, bu məsələ araşdırılacaq. Orada subyektiv səbəblərdən hansısa gecikmə varsa, onunla bağlı tədbir görüləcək". 

Picture background

Ekspertin sözlərinə görə, müəllimənin uşaqları açıq şəkildə paylaşması və öz oyununa alət etməsi düzgün deyil.

"Məktəb tərbiyə müəssisəsidir. Ancaq burada uşaqların qarşısında tərbiyəyə yaraşmayan hərəkətlər nümayiş olunub. Müəllimin cəzalandırılmasını doğru hesab edirəm. Bu o demək deyil ki, müəllimlərin hər biri elədir. Hər bir müəllimin qarşısında baş əyməyə hazıram. Amma yetər ki, o müəllim də davranışı ilə müəllim davranışı sərgiləsin. O, öz övladını həmin övladların yerində görməlidir. Hər bir uşaq təbii ki, hansısa ailənin təmsilçisidir. Valideynlər uşaqlarını məktəbə göndərirlər ki, təhsil alsınlar. Ümumiyyətlə, uşaqlar kiçikdir, hələ öz hüquqlarını bilmirlər. Onları buna alət etmək düzgün deyil".

İ.Orucov qeyd etdi ki, müəllimin digər sertifikasiyadan kəsilən müəllimləri də etiraza çağırması isə artıq yolverilməzdir.

"Mən daha sonra həmin müəllimənin işdən azad olunandan sonra çağırışını da dinlədim. Orada digər müəllimlərə müraciət edərək, etiraz etməsini istəyir. Bu, ümumiyyətlə dövlətin qaydalarına, qanunlarına qarşı bir az kobud səslənsə də, meydan oxumaq deməkdir. İşdən azad olunan müəllimlər, hansı ki, sertifikasiyanın nəticələrinə görə işdən azad olunanlardır. Sertifikasiyanın nəticələrinə görə uğursuz nəticə göstərdiklərinə görə işlərinə xitam verilib. Bu da keyfiyyətli təhsil naminə görülən işlərdəndir", - deyə o, əlavə etdi.

Türkan İSGƏNDƏRLİ